Prezident Vladimir Zelenski ümid edir ki, Kiprin Aİ Şurasına sədrliyi dövründə Ukrayna və Moldovanın Aİ-yə qoşulması ilə bağlı bütün danışıqlar qrupları eyni vaxtda açılacaq.
Turkustan.az xəbər verir ki , dövlət başçısı bunu Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimindəki çıxışı zamanı bildirib.
“Hər bir millət Avropa İttifaqının bərabərhüquqlu üzvü olmağa layiqdir. Əslində, Avropanı dinc və sabit edən də elə budur. Nikos (Kipr Prezidenti Nikos Xristodulides - red.) ilə mən sadəcə Ukraynanın Avropa İttifaqı Şurasının başında Kipr Respublikasının işinin prioritetlərindən biri olaraq qalacağından danışırdıq. Ümid edirik ki, bütün danışıqlar klasterləri həm Ukrayna, həm də Moldovadan olan dostlarımız üçün eyni vaxtda açıq olacaq”, - deyə Zelenski bildirib.
O, həmçinin Kiprin Aİ Şurasına sədrliyi dövründə Ukrayna üçün yeni yardım paketinin həyata keçirilməsinə başlanacağına ümid etdiyini bildirib. Zelenski bütün liderlərə Ukraynaya maliyyə dəstəyi ilə bağlı vacib qərara görə təşəkkür edib.
Prezident 2026-2027-ci illər ərzində Ukraynaya 90 milyard avro kredit vermək qərarını şərh edərkən bildirib: "Ukraynanı xilas etmək, Avropanı xilas etmək üçün verdikləri çox vacib qərara görə bütün Avropa liderlərinə təşəkkür edirəm".
Aytən Yaşar/ Turkustan.az