Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında deputat Əziz Ələkbərli maraqlı bir təkliflə çıxış edib. O, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib.
Deputat bildirib ki, əgər ölən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, o, məcburən gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Ancaq məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, ya yox. Deputat təklif edib ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-i dərhal ailəsinə verilsin, yerdə qalan məbləğ isə şəxs ənənəvi olaraq pensiya yaşına çatanda ailə tərəfindən istifadə olunsun.
Məlumat üçün qeyd edək ki, son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi bir çox şəxsin pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxması ilə nəticələnib. İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq müəyyən edilib. Şəxs bu dövrə qədər minimum pensiya kapitalını toplamalıdır ki, yaşa görə müavinət ala bilsin.
Azərbaycanda minimum pensiya kapitalının məbləği minimum pensiya məbləğinin 144 qatı ilə müəyyən edilir. Hazırda minimum pensiya məbləği 320 manata çatdırıldığı üçün, yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manatdır. Əgər qanunvericiliyin müəyyən etdiyi pensiya kapitalı lazımi miqdarda yığılmırsa, vətəndaşa yaşa görə aylıq 220 manat müavinət verilir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, deputatlar daha real və vətəndaşlar üçün xeyirli təkliflə çıxış edə bilər.
"Əgər deputatın bu məsələdə ürəyi yanırsa, biz ona daha ağıllı bir təklif verə bilərik. Vaxtilə Azərbaycanda pensiya haqqında qanunvericiliyi məhz 2017-ci ildə həmin deputatlar təsdiq edib. Məhz bu deputat olmasa da, onun sələfləri olub. Bundan sonra kişilərin pensiya yaşı 63-dən 65-ə, qadınların isə 60-dan 65-ə artırılıb. Həmin dövrə qədər isə kişilər üçün pensiya yaşı 63, qadınlar üçün 60 idi. Bunlar kişilərin pensiya yaşını 63-dən 60-a endirib qadınlarla eyni etmək əvəzinə, artırıb 65-ə çatdırıblar. Nəticədə də indi insanların bir çoxu pensiya yaşına çatmadan vəfat edirlər. Pensiya yaşını absurd şəkildə artıraraq Avropa ilə eyniləşdiriblər. Halbuki Avropada pensiyaya çıxan vətəndaşlar orta hesabla 17–18 il pensiya alır, ömür uzunluğu orada 80 yaşdan yuxarıdır”, – deyə X. Kərimli qeyd edib.
Ekspert qeyd edir ki, bu cür populist təkliflər əvəzinə pensiya yaşını azaltmaq və ya az müddət yaşayıb pensiya alan şəxslər üçün aylıq ödənişi artırmaq üçün hesablama qaydasını dəyişmək daha məqsədəuyğundur: "Hazırkı hesablamada pensiya kapitalı 144-ə bölünür – yəni 12 il vurulsun 12 ay. Kişilər orta hesabla 74 il yaşayır və bu halda pensiyanı heç 9–10 ildə ala bilmirlər. Bu səbəbdən pensiya məbləğinin hesablanmasına düzəlişlər edilməlidir. Ən azı, 9–10 il pensiya alan şəxslərin aylıq ödənişi yüksək olmalıdır. Bunun üçün də pensiya kapitalını 144-ə deyil, 100-ə və ya 80-ə bölməklə pensiya məbləğini artırmaq mümkündür”.
Vəfat etmiş şəxslərin pensiya kapitalından hansı halda istifadə etmək mümkündür?
Vəfat etmiş şəxslərin pensiya kapitalından istifadəyə isə müəyyən hallarda icazə verilir. Pensiya kapitalından istifadə edə biləcək şəxslər aşağıdakı kriteriyalara cavab verməlidirlər:
-18 yaşına çatmamış övladlar;
-18 yaşına çatana qədər əlilliyi müəyyən olunmuş şəxslər və ya 18 yaşından yuxarı əlilliyi olan şəxslər;
-Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına qədər;
- Ata, ana, ər və ya arvad pensiya yaşına çatmışdırsa və ya orqanizmin funksiyalarının 61–80% və ya 81–100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə
- Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri, ər/arvad, baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxır və işləmirsə.
Göründüyü kimi, kriteriyalar konkret olaraq müəyyən edilib. Əgər vəfat etmiş şəxsin bu kriteriyalara uyğun gələn övladı və ya digər yaxınları yoxdursa, onun pensiya kapitalından istifadə etmək mümkün olmur.
Vəfat edən şəxslərin 39,2%-i pensiya yaşına çata bilmir
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 58 909 vətəndaş vəfat edib. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub.
Həyatını itirən kişilərin 15 281 nəfəri 65 yaşına çatmayıb. Yəni, ötən il ölən kişilərin təxminən 47%-i pensiya yaşını görə bilməyib. Həmin il vəfat edən 26 473 qadının isə 7 811 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Faizlə desək, qadınların təxminən 29,5%-i pensiya yaşına çatmadan dünyasını dəyişib.
Ümumən götürsək, 2024-cü ildə vəfat edən 58 909 vətəndaşın 23 092 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Bu da vəfat edən şəxslərin təxminən 39,2%-i deməkdir.
15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb
Digər tərəfdən, son illərin statistik məlumatları göstərir ki, Azərbaycanda yaşa görə pensiya alanların sayında da kəskin azalma var. Bu tendensiya 2010-cu ildən bəri özünü davamlı şəkildə göstərir. Belə ki, əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, hazırda 712 min nəfər civarındadır. Təxminən 15 il ərzində 146 min nəfərlik və ya 17 faizlik azalma baş verib.
İllər üzrə həmin azalmanı təqdim edirik:
* 2010 — 858 659 nəfər;
* 2011 — 831 122 nəfər;
* 2012 — 812 771 nəfər;
* 2013 — 800 547 nəfər;
* 2014 — 791 263 nəfər;
* 2015 — 785 068 nəfər;
* 2016 — 781 238 nəfər;
* 2017 — 781 957 nəfər;
* 2018 — 778 057 nəfər;
* 2019 — 756 136 nəfər;
* 2020 — 742 034 nəfər;
* 2021 — 716 222 nəfər;
* 2022 — 707 001 nəfər;
* 2023 — 696 266 nəfər;
* 2024 — 706,2 min nəfər;
* 2025 — 712,7 min nəfər.