Xəzərdə ard-arda zəlzələ qorxu yaradıb - Bundan sonra nə olacaq?


“Xəzər dənizində son vaxtlar müxtəlif maqnitudalı zəlzələlərin baş verməsi seysmik aktivliyin artdığını göstərir”.

Bunu “Yeni Sabah”a seysmoloq Ənvər Əliyev deyib.

O, son günlər ard-arda hövzədə yeraltı təkanların baş vermə səbəblərini izah edib.

Xatırladaq ki, təkcə aprelin 14-də 4 təkan qeydə alınıb.

“Xəzərlə yanaşı, Azərbaycanın yerləşdiyi ərazi də Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanan böyük seysmik qurşağın bir hissəsidir. Bu hadisələrin əsas səbəbi Yer qabığının dərinliklərində yerləşən litosfer tavalarının hərəkətidir. Onlar bir-birinə yaxınlaşır, toqquşur və sıxılır.

Azərbaycanın yerləşdiyi ərazidə isə Afrika və Ərəbistan litosfer tavalarının Avrasiya litosfer tavası ilə toqquşması nəticəsində zəlzələlər, vulkanizm və digər geoloji proseslər baş verir. Bu, Yer planetinin təbii xüsusiyyətidir və qarşısını almaq mümkün deyil”, - deyə Ənvər Əliyev qeyd edib.

O əlavə edib: “Xəzərdə zəlzələlər həmişə olub. Tarixi məlumatlara əsasən, Xəzər hövzəsində çox güclü və dağıdıcı yeraltı təkanlar qeydə alınmayıb. Buna görə də hazırkı vəziyyətdə ciddi təşvişə əsas yoxdur. Bununla belə, tikinti işlərinə son dərəcə məsuliyyətlə yanaşılmalı, binalar seysmik risklər nəzərə alınaraq inşa edilməlidir ki, mümkün zəlzələlər zamanı dağıntı və itkilər az olsun”.

Seysmoloq bildirib ki, zəlzələlərin vaxtını və gücünü əvvəlcədən dəqiq demək mümkün deyil:

“Elm hələlik buna tam cavab verə bilmir. Ona görə də əsas diqqət davamlı olmalıdır. Quru ərazidə də zaman-zaman zəlzələlər olur. Məsələn, Lənkəran istiqamətində belə hallar qeydə alınıb və ciddi fəsad yaratmayıb.

Adətən, böyük zəlzələdən əvvəl kiçik təkanlar olur, bunlara “forshoklar” deyilir. Əsas zəlzələdən sonra isə daha zəif təkanlar bir müddət davam edir ki, bunlar da “afterşoklar” adlanır. Bu da tamamilə təbii prosesdir.

Yaxın müddətdə bu ərazidə müəyyən səngimə müşahidə oluna bilər. Ancaq ümumən belə proseslər fasilələrlə yenə də davam edəcək. Buna görə də qorxuya qapılmaq yox, hazırlıqlı olmaq daha vacibdir”.


MANŞET XƏBƏRLƏRİ