“Sevgi millət tanımır deyirlər, amma…” - Psixoloqdan maraqlı açıqlama


“Əcnəbilərlə nikah yalnız fərqli dilləri deyil, fərqli mədəniyyətləri və dəyərləri də bir araya gətirir. Əcnəbilərlə qurulan nikahlar həm maraqlı sintezlər yaradır, həm də müəyyən mədəni ziddiyyətlərə səbəb ola bilər”.

Turkustan.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında psixoloq Vüsalə Rüstəm deyib. Qeyd edib ki, azərbaycanlı qadınların xarici kişilərlə ailə qurması zamanı gender rollarında fərqlər müşahidə oluna bilər: “Tutaq ki, Qərb kişiləri ailədaxili vəzifələri bərabər bölüşməyə meyilli olduğu halda, əksər Azərbaycan ailələrində belə deyil, bizdə hələ də qadınların ev işləri və uşaqlara qayğısı onlar üçün əsas məsuliyyət sayılır".

Psixoloq bildirib ki, günümüzdə azərbaycanlıların əcnəbilərlə nikahı artıq istisna hal deyil, sosial reallığa çevrilib. Bu tendensiya bir tərəfdən fərqli mədəniyyətlər arasında körpü rolunu oynayır, digər tərəfdən isə cəmiyyətin dəyərləri və gözləntiləri ilə toqquşa bilir: “Əsas olan qarşılıqlı hörmət, sevgi və anlayış üzərində qurulmuş münasibətlərdir. Əgər bu prinsiplər qorunursa, mədəniyyət fərqliliyi problem deyil, əksinə, zənginlik mənbəyidir”.

“Əcnəbilərlə ailə qurmaq həm fərdi cəsarət, həm də geniş dünyagörüşü tələb edir. Sevgi millət tanımır deyirlər, amma bu sevginin yaşaması üçün qarşılıqlı anlayış, uyğunlaşma və ailədaxili mədəni körpülər qurmaq vacibdir”, - ekspert əlavə edib.


MANŞET XƏBƏRLƏRİ