Məlum olduğu kimi, 2022-ci ildə elektrik və hibrid avtomobillərə tətbiq edilən ƏDV-nin ləğvi Çin avtomobillərə marağı kəskin artırdı. Nəticədə ölkəmizə Çindən kütləvi avtomobil idxalı başladı. Bu səbəbdən, digər yeni avtomobillərlə müqayisədə daha ucuz olan Çin maşınları Azərbaycan bazarında populyarlıq qazandı.
Lakin növbəti ildən etibarən güzəşt müddəti başa çatır. Ona görə də ölkəmizə idxal edilən avtomobillərin sayının azalacağı gözlənilir.
Eyni zamanda güzəştlərin müddətinin başa çatması nəzərə alan iş adamları Çindən avtomobil idxalını xeyli artırıblar. Bu vəziyyət bazarda ajiotajın yaranmasına səbəb olub. Nəticədə son həftələrdə Çin avtomobillərinin qiymətində modellərdən asılı olaraq 10-20 faiz artım müşahidə olunur.
Bəs, 2026-cı ildə Çin avtomobillərinin qiyməti necə dəyişəcək?
Aparılan paralellər və təhlillər göstərir ki, Yeni ildən Çin avtomobilləri nəinki bahalaşacaq, əksinə ucuzlaşa bilər. Bunun da bir neçə səbəbi var.
Yeni il, köhnələn avtomobil
Birinci səbəb odur ki, il təzələndə avtomobil bazarında passivlik yaranır. Çünki hər növbəti ildə ötən ilin avtomobili artıq bir il köhnəlmiş olur. Nəticədə eyni avtomobilin dekabr və növbəti ilin yanvar-fevral ayları üzrə qiymətlərində azı 1,5-2 min manat fərq ortaya çıxır.
İkinci səbəb isə odur ki, yeni avtomobil həvəskarları ilin əvvəlində gözləmə mövqeyində olurlar. Çünki Yeni ilin yanvar-mart aylarında bazarda ancaq ötən ilin avtomobilləri olur. Məsələn 2026-cı ilin avtomobilləri Azərbaycana mart-aprel aylarında gətiriləcək. Ona görə də yanvar-fevral aylarında yeni avtomobil həvəskarları gözləməyi üstün tuturlar.
Bundan əlavə, yeni avtomobil həvəskarları hər zaman ilin populyar avtomobilini almaq istəyirlər. İl yeni başlayanda isə heç kim dəqiq bilmir ki, hansı avtomobil daha populyar olacaq. Ona görə də bir çox insan ən azı aprel ayını gözləyir ki, seçimində yanılmasın.
İqtisadi hərəkətlilik yazda başlayır...
Məlum olduğu kimi, iş adamları hər növbəti ildə aktiv fəaliyyətə başlamaq üçün büdcənin “açılmasını” gözləyirlər. Büdcə isə ən yaxşı halda fevralın sonlarında açılır. Belə olan halda bir çox şəxslər dövriyyədən pul çıxartmır, yeni vəsaitin gəlişini gözləyir. Ona görə də həm şirkətlər, həm dövlət təşkilatları, həm də iş adamları ilin əvvəlində avtomobil almağa maraq göstərmir.
Bundan əlavə, Yeni il, ümumilikdə yanvar ayı xərclərin artdığı dönəm kimi xarakterizə olunur. Həm Yeni il alış-verişi, həm də tətil günlərində istirahət və səfərlərə ayrılan xərclər alıcıların ehtiyat vəsaitlərini xərcləməsinə səbəb olur. Bu səbəbdən adətən, yanvar-fevral aylarında avtomobil bazarında durğunluq müşahidə olunur.
Sadaladığımız faktorlara əsasən, yeni ilin ilk aylarında son illər xeyli populyarlıq qazanmış Çin avtomobillərinə marağın azalacağını proqnozlaşdıra bilərik. Bu isə hazırda avtomobil bazarında müşahidə olunan ajiotajın sonu deməkdir.
Belə olan halda, yanvar-fevral aylarında Çin avtomobilləri ucuzlaşa bilər./Bizim.Media