İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri yeni kadr tələbatı yaradıb. Yayılan məlumatlara görə, hazırda Qarabağ və Şərqi Zəngəzurda müxtəlif vəzifələr üzrə işçi qəbulu davam edir. Vakansiyalarda əməkhaqqı 700-1500 manat aralığında göstərilir. Digər tərəfdən, bölgədə işləyən bəzi ustalar və mühəndislər maaşların gecikdiyini bildirirlər.
Belə halda, işə götürülən şəxslərin stabil maaş alacaqlarına zəmanət varmı?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, əməkhaqqı ilə bağlı konkret rəqəmlər demək mümkün deyil.
Onun sözlərinə görə, həmin ərazilərdə həm yerli, həm də xarici hüquqi şəxslər fəaliyyət göstərir:
“Nəzərə almaq lazımdır ki, bu layihələrin icrasında dövlət maliyyələşməsi müvafiq publik hüquqi şəxslər vasitəsilə həyata keçirilir. Məsələn, Şərqi Zəngəzur iqtisadi rayonunda Tikinti İdarəetmə Xidməti publik hüquqi şəxs və ya eyni funksiyanı daşıyan digər qurumlar tərəfindən birbaşa şəkildə həyata keçirilmir”.

Elçin Qurbanov
İqtisadçı bildirib ki, adətən podratçılar vəsaitləri vaxtında ala bilmədikdə işçilərin maaşlarında gecikmələr yaranır:
“Podratçılar tikinti-quruculuq işləri ilə bağlı keçirilən tenderlərdə iştirak edərək qalib gələn hüquqi (bəzən fiziki) şəxslərdir. Bəzən onlar layihənin icrasında maliyyə problemləri ilə üzləşirlər. Yəni maliyyə vəsaitləri vaxtında onların hesabına köçürülmədiyi üçün əməkhaqlarının ödənilməsində də gecikmələr baş verir”.