Deputat Əli Məsimlinin pensiya kapitalı ilə bağlı təklifi maraq doğurub. O, vəsaitin vərəsələrə verilməsi üçün qanunda dəyişiklik edilməli olduğunu deyib. Vətəndaşların əksəriyyəti sözügedən təşəbbüsü dəstəkləyib. Lakin bəzi ekspertlər düşünürlər ki, bu gün yığılan məbləğ 10 il sonra eyni dəyərdə qalmaya bilər. Yəni inflyasiya, gəlirlərin artım tempi və məcburi yığım mexanizminin iş prinsipi səbəbindən insanların topladığı vəsait gələcəkdə real dəyərini itirir. Bildirilir ki, pensiya kapitalının banklarda faizlə yerləşdirilməsi daha məqsədəuyğundur.
Pensiya kapitalı ilə bağlı bu cür addım atıla bilərmi?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, əksər inkişaf etmiş ölkələrdə pensiya kapitalından təqaüd yaşına çatmadan istifadə etmək olur:
“Məsələn, ABŞ, Sinqapur və Türkiyədə bu praktika var. Qardaş ölkədə vətəndaşlar pensiya kapitalının müəyyən hissəsini təqaüd yaşına çatmadan çıxarır, fərdi sahibkarlıq fəaliyyətinə yönəldə bilirlər. Oxşar təcrübə İranda da mövcuddur. Hesab edirəm ki, Azərbaycanda da bu modellərdən hər hansı biri tətbiq oluna bilər. ABŞ-da isə minimum və orta pensiya yaşına çatan şəxslər topladıqları kapitaldan vaxtından əvvəl birdəfəlik istifadə etmək hüququna malikdirlər”.

İlqar Hüseynli
Ekspert bildirib ki, pensiya kapitalı formalaşmış şəxs təqaüd yaşına çatmadan vəfat edərsə, həmin vəsaitin övladlarına vərəsəlik kimi keçməsi mümkün ola bilər:
“Lakin pensiya kapitalının həmin şəxsin övladlarına və ya yaxınlarına nağd verilməsi düzgün yanaşma deyil. Fikrimcə, bu vəsaitdən yalnız kapitalın sahibi özü bilavasitə yararlanmalıdır”.