İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən həyata keçirilən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində növbəti təlimlər 29–30 oktyabr tarixlərində Füzuli rayonunun Horadiz qəsabəsində baş tutub.
QHT.az xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. Proqramın əsas məqsədi sahibkar olmaq istəyən və fəaliyyətə yeni başlayan şəxslərin, eləcə də mövcud biznes sahiblərinin bilik və bacarıqlarını təkmilləşdirmək, dayanıqlı biznes modellərini, effektiv idarəetmə alətlərini və dairəvi iqtisadiyyat prinsiplərini təşviq etməkdir.
Füzulidə keçirilən təlimlərdə iştirakçılar – xüsusilə sahibkarlığa yeni başlamaq istəyən gənclər və yerli sakinlər – fəal iştirak edərək regionda bu tip maarifləndirici və praktiki yönümlü proqramlara böyük ehtiyac olduğunu vurğuladılar. Onlar gələcəkdə bu kimi təlimlərin daha tez-tez keçirilməsinin vacibliyini qeyd edərək təşəbbüsə yüksək maraq göstərdilər.
Layihə Füzuli və Şamaxı rayonlarını əhatə edir və KOB-ların, qadınların və gənclərin iqtisadi fəallığının artırılması, eləcə də inklüziv və dayanıqlı iqtisadi inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.



