Kimlər sığınacağa yerləşdirilə bilər? – QAYDALAR


Sığınacaqların fəaliyyətinə dair bir sıra suallar gündəmdədir: Bu günə qədər ölkədə ümumilikdə nə qədər şəxsin sığınacaqlara yerləşdirildiyi, onların yaş qrupları üzrə bölgüsü, qəbul prosesinin hansı qaydalarla həyata keçirildiyi və müraciət edə bilən kateqoriyalar cəmiyyətin maraq dairəsindədir. Həmçinin mövcud sığınacaq sayı və bu müəssisələrə kişilərin yerləşdirilməsinin mümkün olub-olmaması da ən çox ünvanlanan suallar arasındadır.

“Yeni Sabah” həmin sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanlayıb.

Sorğuya cavabda bildirilib ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir:

“Çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər. Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər”.

Qeyd olunub ki, bu il ərzində müəssisədə ümumilikdə 80 nəfər müəyyən yaşayış yeri olmayan şəxsə xidmət göstərilib:

“Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri vasitəsilə aparılır. Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər”.


MANŞET XƏBƏRLƏRİ