Şamaxıda keçirilən yekun təlimlərlə layihənin təlimlər mərhələsi başa çatdı - FOTOLAR


İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən həyata keçirilən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərin sonuncu mərhələsi noyabrın 13–14-də Şamaxı şəhərində baş tutub.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin bu sessiyası ilə təlimlər komponenti uğurla yekunlaşdırılıb.

Yekun təlimlər zamanı iştirakçılara dayanıqlı biznes modelləri, resursların səmərəli idarə edilməsi, dairəvi iqtisadiyyat prinsipləri və müasir sahibkarlıq yanaşmaları barədə ətraflı məlumat verilib. Sessiyalarda həm nəzəri biliklər, həm də praktiki tapşırıqlar təqdim olunaraq iştirakçıların öz biznes potensiallarını dəyərləndirməsinə imkan yaradılıb.

Xüsusilə peşə və ixtisas sahibi olan xanımlar təlimlərdə yüksək fəallıq nümayiş etdiriblər. Onlar sahibkarlığa başlamaq üçün lazım olan addımları öyrənib, öz biznes ideyalarını formalaşdırmaq məqsədilə təlimçilərlə məsləhətləşmələr aparıblar. Müzakirələr yeni ideyaların inkişafına, biznes planlaşdırma bacarıqlarının gücləndirilməsinə və gələcək təşəbbüslərin strukturlaşdırılmasına mühüm dəstək verib.

Bu təlimlərin başa çatması ilə layihənin maarifləndirmə mərhələsi tamamlanır və əldə edilən biliklərin yerli icmalarda dayanıqlı iqtisadi fəallığın artırılmasına töhfə verəcəyi gözlənilir. Layihə çərçivəsində həm Şamaxıda, həm də Füzulidə keçirilən sessiyalar qadınların, gənclərin və kiçik sahibkarların inkişafına mühüm stimul yaradıb.


MANŞET XƏBƏRLƏRİ