Azərbaycan və İran rəsmiləri Tehranda görüşüb.
Bu görüş iki ölkə üçün nə ifadə edir? Görüşün əsas məqsədi nədir? Mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan. az-ın suallarını cavablandırıb.
Politoloq bildiirb ki, “Məsud Pezeşkianla baş nazirin müavini Şahin Mustafayev arasında keçirilən görüş Azərbaycan-İran münasibətlərinin gələcək inkişafını müzakirə etmək baxımından vacib əhəmiyyətə malikdir.
Eyni zamanda Pezeşkian prezident seçildikdən sonra onunla Azərbaycanın yüksək rəsmilərindən birinin ilk üzbəüz görüşü gerçəkləşib. Təbii bu görüşdə İran prezidenti tərəfindən bir sıra maraqlı fikirlər səsləndi. Pezeşkian İranın Azərbaycanla bağlı siyasətində səhvlər olduğunu, özü də etiraf etdi.
Amma burada ritorik sual ondan ibarətdir ki, İranın içərisində anti azərbaycan fəaliyyəti göstərən bəlli qruplar var. Qrupların fəaliyyəti Pezeşkian tərəfindən neytrallaşdırılacaqmı? Və yaxud da Pezeşkian İrandakı antiazərbaycan ritorikasını kəsməyi bacaracaqmı?
Bunlar çox ciddi suallardır və Pezeşkianın hakimiyyətinin sonrakı dövründə biz praktik olaraq İran tərəfindən hansı addımların atılacağını müşahidə edəcəyik. Görüş də əlbəttə ki, Azərbaycanla İran arasında iqtisadi, ticari və siyasi münasibətlərlə bağlı məsələləri müzakirə etmək üçün keçirilib. Eyni zamanda hesab edirəm ki, iki ölkə arasında danışıqların davam etməsi həm də 3+3 formatının işləkliyi baxımından da vacib əhəmiyyətə malikdir.
Hər halda görüş müsbətdir. Amma eyni zamanda dediyim kimi İranda Azərbaycan əleyhinə kampaniyalar aparan, antiazərbaycan dezinformasiya mərkəzində dayanan qüvvələrin neytrallaşdırması lazımdır və bundan sonra Pezeşkian hakimiyyətinin də belə addımlar atıb atmayacağını zaman göstərəcək”.
Eltac Zülfüqaroğlu/Turkustan.az