İran Zəngəzur dəhlizinin açılmasına qarşı olsa da, məsələnin 3+3 formatı çərçivəsində müzakirəsinə isti baxır. Ekspertlər İranın bu formatda iştirakı məqbul saydığını deyirlər.
Bu, ziddiyyətli mövqe sayıla bilərmi?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, İran 3+3 formatını ilk vaxtlar dəstəkləmirdi:
“Hətta rəsmi Tehran bu formata şiddətlə qarşı çıxırdı. Gürcüstan belə müəyyən mənada Türkiyə-Azərbaycan faktoruna görə məsələyə loyal yanaşırdı, amma İranla vəziyyət heç də belə deyildi.
Tehran formatın gec-tez yaradacağı dividentləri düzgün qiymətləndirdi. Daha doğrusu, Tehran 3+3 formatını özünəxas şəkildə başa düşür. İran regiondakı proseslərdə kənar ölkələrin iştirakını qəbul etmədiyi üçün formatın əhəmiyyətini başa düşdü. Məlumdur ki, Tehran Azərbaycan və Ermənistanda söz sahibi olmaq istəyir. Yəni həm də bu mənada formata isti baxır. Hətta bir çox iranlı rəsmi açıqlamasında Cənubi Qafqazın tarixi İran torpaqları olduğunu iddia edir. Yəni bir növ bu arqumentlə 3+3 formatında olduqlarını izah edirlər”.
Politoloq bildirib ki, Tehran Rusiyanın Ermənistanda nüfuzunu bərpa etməsindən narahatdır:
“Çünki özü bu ölkədə nüfuzunu artırmaq istəyir. Dəhlizin açılması fonunda Rusiya yenidən Ermənistanda ciddi nüfuz qazana bilər. İran həm də buna görə dəhlizin açılmasını istəmir.
Şübhəsiz, burada Azərbaycan faktoru da var. Tehran dəhlizin açılması fonunda Azərbaycanın güclənəcəyini bilir. Buna görə də Bakını gücləndirəcək bu layihəyə isti baxmır”.