"Sülh sazişi noyabrda Bakıda imzalana bilər" - AÇIQLAMA


“Son vaxtlar İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesində fəallıq müşahidə olunur”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti regionda sülhün alternativinin olmadığını anlayır:

“Bu gün həm Ermənistanın dövlətçiliyi, həm də Paşinyanın şəxsi təhlükəsizliyi təhdid altındadır. Çünki İrəvan xarici siyasət kursunda konkret xətt yeridə bilmir: Rusiyadan uzaqlaşmağa çalışsa da, bunu bacarmır. Həmçinin Qərblə, o cümlədən Fransa ilə münasibətlərin inkişafında maraqlı görünən Ermənistan bu dövlətlərə də inam olmadığını anlayır. Hər halda Qərbin Ukraynada, Gürcüstana nələr etdiyi Ermənistana yaxşı məlumdur. Belə bir vəziyyətdə Ermənistana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun ən optimal yolu isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Sülh sazişi üçün lazım olan əsas element Paşinyan hakimiyyətinin siyasi iradə göstərməsidir. Ermənistan daxilində vəziyyət kifayət qədər gərgindir. Üstəgəl, rəsmi İrəvan kənar təsirlərə də məruz qalır. Belə bir vaxtda Paşinyan və onun komandası çalışır ki, “balanslı”, ehtiyatlı davransın”.

Kənan Novruzov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin COP29-a qədər imzalanması nəzəri baxımdan mümkündür:

“Faktiki olaraq tərəflər arasında əsas mübahisəli məsələlər həllini tapıb. Həmçinin etimad mühiti də getdikcə formalaşır. Noyabra qədər üç aydan çox vaxt var. Bu müddət ərzində də bəzi məsələlərin həllini tapması və sülh sazişinin imzalanması mümkündür. Amma bunun üçün bəzi xarici güclərin, xüsusilə Fransanın bölgəyə müdaxiləsinin qarşısı alınmalıdır. Əgər noyabrda Paşinyan Bakıya gələrsə və o zamana qədər sülh sazişi imzalanmasa, onda onun Azərbaycan lideri İlham Əliyevlə ehtimal olunan görüşündə bir çox məsələlər barədə geniş fikir mübadiləsinin aparılması mümkündür. Çox güman, belə də olacaq. Sülh sazişinin elə Bakıda imzalanması və ya sazişin əsas hissələrinin Azərbaycanda razılaşdırılması mümkündür. O vaxta kimi Paşinyan daxili auditoriyanı bu hadisəyə hazırlamağa çalışacaq”.


MANŞET XƏBƏRLƏRİ