Tokayevin İrəvana səfərinə Bakıdan reaksiya – Paşinyanla nələr razılaşdırılıb?


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri hazırda gündəmdədir. O, səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə deyib ki, “Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”.

Bundan başqa, iki ölkə arasında imzalanan bir sıra sazişlər də diqqət çəkir.

Tokayevin Ermənistana səfəri çərçivəsində imzalanan sənədlərdə nələr var? Qazaxıstan prezidentinin İrəvana səfərində Rusiya amili rol oynayırmı? Tokayevin bu səfəri türk birliyini zədələyə, Bakıda neqativ qarşılana bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Tokayevin Ermənistana səfəri zamanı xeyli mühüm sənədlər imzalanıb:

“Bu sənədlərdən biri miqrantların qarşılıqlı şəkildə qəbul edilməsidir.

Eyni zamanda qarşılıqlı şəkildə iki ölkə vətəndaşlarının qalma müddətinin uzadılmasıdır. Hava nəqliyyatı kommunikasiyaların daha da yaxşılaşdırılması da imzalanan müqavilələrdə öz əksini tapıb.

Hikmət Babaoğlu

Qazaxıstan Ermənistanın Türkiyə ilə sərhədinə yaxın ərazidə konsulluq açmaq istəyir. Bu yolla üç ölkə arasında mədəni, iqtisadi, siyasi əlaqələrin inkişafı hədəflənir.

Qazaxıstandan Ermənistana ixracat mallarının artırılması da hazırda gündəmdədir. Regional inteqrasiya baxımdan bu məsələ də olduqca vacibdir. Buradan da görünür ki, Ermənistan gec-tez sülhün əldə ediləcəyini bilir və buna hazırlıq görür”.

Hikmət Babaoğlu deyib ki, Qazaxıstan Ermənistan üzərindən Türkiyəyə, oradan da Avropaya mallar ixrac etmək istəyir:

“Burada diqqətçəkən məqam Azərbaycanla bağlıdır. Qazaxıstan məhz buna görə iki ölkə arasında sülhün əldə edilməsində maraqlıdır. Əslində, bu bizim Orta Dəhliz ideyamızın dəstəkləndiyini göstərir.

Uyğun şərtlərdə sülh imzalanarsa, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması yenidən gündəmə gələ bilər.

Bu gün Qazaxıstanla Ermənistan arasında imzalanacaq istənilən saziş Azərbaycansız icra edilə bilməz. Bu baxımdan düşünmürəm ki, Tokayevin Ermənistana səfəri üçüncü bir ölkənin sifarişi ilə baş tutur. Bu səfərin rəsmi Bakını küsdürə biləcəyi də inandırıcı görünmür. Çünki səfər maraqlarımıza uyğundur. Şübhəsiz ki, Azərbaycan belə bir əməkdaşlığa etiraz etmir. Qazaxıstan-Azərbaycan münasibətləri daha qədim, köklü və çoxşaxəlidir”.

Siyasi şərhçi Aqşin Kərimov isə deyib ki, Tokayev Paşinyanla mətbuat konfransında yeni ideya ilə çıxış edib:

Aqşin Kərimov

“Tokayevin ideyası Azərbaycan və Ermənistan arasında açıq qalan məsələlərin həlli üçün Qazaxıstanın vasitəçilik platformasını təqdim edir.

O, Rusiyaya qarşı zahirən istehzalı mövqeyi ilə gündəmə gəlir, lakin Qərb və Çinlə əlaqədar yanaşmalarında daha ehtiyatlı gündəlik görünür. Bununla belə, Qazaxıstan güc mərkəzləri arasında diqqətli və həssas nüansları itirmir.

Qazaxıstan hazırda Çindən Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) ən önəmli açar ölkəsidir. Amma nəzərə almaq lazımdır ki, Astana Rusiya-Ukrayna müharibəsində rəsmi neytral mövqeyini qoruyub. Bununla belə, Qazaxıstan Moskvanı bir vaxtlar olduğu kimi öz təhlükəsizliyinin təminatçısı qismində görmür”.


MANŞET XƏBƏRLƏRİ