Tennis topu boyda dolu yağdı, təhlükə elan edildi - Foto/Video


Paraqvayın paytaxtı Asunsyon və ətraf şəhərlərdə yağan iri dolu avtomobillərə və binaların dam örtüklərinə ciddi ziyan vurub. Təbii hadisə nəticəsində onlarla elektrik ötürücü xətti də sıradan çıxıb.

Turkustan.az bu barədə "La Nación" nəşrinə istinadən xəbər verir.

Güclü tufan Asunsyonda və Paraqvayın Mərkəzi departamentinin bir sıra şəhərlərində fəsadlara səbəb olub. İri dolu avtomobillərə və evlərin dam örtüklərinə zərər vurub, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb.

Əlverişsiz hava şəraiti xüsusilə Fernando-de-la-Mora, San-Lorenso, Lambare və Luke şəhərlərinin sakinlərinə təsir edib. Güclü tufan və dolu ilə əlaqədar ölkə üzrə "sarı" təhlükə səviyyəsi elan olunub.

Meteorologiya və Hidrologiya Departamentinin direktoru Eduardo Minqo bu cür hava şəraitinin mövsüm üçün səciyyəvi olduğunu bildirib. Bununla belə, o, tufanın və dolunun intensivliyinin El-Ninyo hadisəsinin təsiri ilə arta biləcəyini qeyd edib.

Proqnozlara əsasən, tufan daha çox ölkənin şərq bölgələrində fəsadlar törədə bilər. Həmin ərazilərdə güclü yağış, dolu və sürəti saatda 100 kilometrə çatan külək gözlənilir./oxu.az


MANŞET XƏBƏRLƏRİ