Sülh təlaşı: Paşinyan hakimiyyət, yoxsa sülh üçün çalışır?


“Artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub”.

Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib:

“Artıq iki ildir Ermənistan və Azərbaycan arasında toqquşma baş vermir və bu səbəbdən heç kim ölməyib, yaralanmayıb. Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıb. Biz - Ermənistan və Azərbaycan istənilən məsələyə bu baxımdan yanaşmalıyıq”, - deyə Baş nazir bildirib.

Nikol Paşinyanın bu açıqlamasını Ermənistanla Azərbaycan arasındakı sülh prosesinin perspektivinə münasibətdə bir neçə istiqamətdən şərh etmək olar. İlk növbədə, Baş nazir bununla 2025-ci il avqustun 8-ə Vaşinqtonda imzalanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”ə sadiq olduğuna dair mesaj verir.

Ermənistanın Baş naziri Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasını onun siyasətinin əsas prioriteti olduğunu nümayiş etdirir. Bu çıxışı ilə o, gələcək sülh müqaviləsinin baza prinsiplərini də göstərib.

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərini toxunulmazlığını və siyasi müstəqilliyini tanımalıdır. Əslində, qeyd edilən prinsiplər iki ölkə arasında paraflanmış sülh sazişində və "Vaşinqton Bəyannaməsi"ndə əksini tapıb.

Hər iki sənəddə tərəflər "Almatı Bəyannaməsi" əsasında bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıdığını və ona hörmət etdiklərini bildirirlər.

Bu baxımdan, Paşinyan yekun sülh müqaviləsinin Ermənistanın bir dövlət kimi müstəqilliyinin, suverenliyinin və təhlükəsiliyinin yeganə zəmanətçisi olduğuna işarə edir. Nikol Paşinyanın açıqlamasında ikinci mühüm mesaj Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi ictimai rəyə hesablanıb.

Seçkilərə “Sülh” şüarı ilə gedən Paşinyan müxalifəti “müharibə partiyası” adlandırır. Baş nazir müxalifətin hakimiyyətə gələcəyi təqdirdə sentyabr ayında müharibəyə başlayacağını, nəticədə Ermənistanın mövcudluğunun təhlükə altına düşəcəyini deyir.

Yəni Paşinyan dolayısı ilə özünü Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının təminatçısı kimi təqdim edir və bunun yalnız “Sülh partiyası” adandırdığı hazırkı hakimiyyətin seçkilərdə qazanacağı qələbədən asılı olduğunu deməyə çalışır.

Bu məqsədlə Ermənistanla Azərbaycan arasında yaranmış de-fakto sülh yekun müqavilənin imzalanması üçün ciddi siyasi və hüquqi baza formalaşdırıb. əsas ola bilər. Münaqişənin bərpası isə mövcud status-kvonun dəyişməsinə və Ermənistan üçün ciddi təhlükələrin meydana çıxmasına gətirib çıxara bilər.

Lakin rəsmi İrəvan hazırda bu istiqamətdə xoş niyyət nümayiş etdirsə də, Paşinyanın qeyd etdiyi sülh prinsiplərini pozan bir sıra problemlər hələ qalmaqdadır.

Baş nazir Ermənistanın yeni konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan "Müstəqillik Bəyannaməsi"nə istinad hissəsinin çıxarıldığını desə də, bu, əyani şəkildə tətbiq edilməyib.

Ən azı konstitusiyanın yeni mətninin mart ayında dərc ediləcəyi nəzərdə tutulsa da, bu, hələlik baş vermədiyindən, preambula ilə bağlı dəqiq qərara gəlmək çətindir.

Digər tərəfdən, Azərbaycanın dörd anklav kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu isə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığı prinsiplərinə ziddir.

Həmin kəndlərin sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində Azərbaycana qaytarılacağı razılaşdırılsa da, faktiki olaraq bu proses dayanıb.

Sərhədlərin müəyyənləşməsi üzrə işlər yekunlaşmadan onun toxunulmazlığından birmənalı şəkildə danışmaq qeyri-mümkündür. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ