Dünya nizamını dəyişəcək RAZILAŞMA-Moskva və Yeni Dehlinin HƏDƏFLƏRİ...


Rusiya ilə Hindistan arasında müdafiə sahəsində imzalanmış yeni müqavilə ekspert dairələrində geniş müzakirə olunur. Bəs, bu hərbi müqavilənin iki ölkə üçün əhəmiyyəti nədir?

Picture backgroundMövzu ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu müqavilənin Rusiya üçün əhəmiyyəti ilk növbədə geosiyasi və hərbi-strateji kontekstdə özünü göstərir: "Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. Tərəflər müqavilənin əhəmiyyətini bölgədə sülh və sabitliyin qorunmasında əməkdaşlıq kimi qiymətləndiriblər. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar.
Beləliklə, dünyanın ən çox əhalisi olan Hindistan əhəmiyyətli dəyişikliklə xarici hərbçilərə ilk dəfə öz ərazisində əsgər yerləşdirməyə icazə verib. Maraqlıdır ki, müqavilə yanvardan qüvvəyə minib, ancaq Rusiya rəsmiləri bunu bir neçə gün əvvəl elan ediblər. Müqavilə beş il müddətində qüvvədə qalacaq və qarşılıqlı razılıqla uzadılması mümkündür. Müqavilə limanlara girişi və dəniz qüvvələri üçün qida, su və texniki resursların təchizatını tənzimləyir. Müqavilə hava hərəkətinin idarə edilməsi, naviqasiya dəstəyi və təyyarə təhlükəsizliyini, eləcə də yanacaq, sürtkü yağları və texniki xidmət xidmətlərini əhatə edir".

Picture background

Politoloq həmçinin vurğulayıb ki, Hindistan üçün isə müqavilənin əhəmiyyəti daha çox praqmatik və çoxşaxəlidir: "Hindistan nədən belə bir müqaviləyə ehtiyac duyub? Məsələ burasındadır ki, Hindistan illər boyu keçmiş SSRİ və Rusiyadan hərbi texnika alıb. Moskva 1960-cı illərdən bəri Hindistana əsas silah tədarükçüsüdür. Yeni Dehli bu hərbi texnikaya xidmət məsələsində Rusiya ilə əməkdaşlığa ethiyac duyub. Rusiya Hindistanın əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya hücum etdikdən sonra Hindistan Qərb sanksiyalarından sonra endirimli xam neftin ən böyük alıcılarından birinə çevrilib. Buna görə də Yeni Dehli ABŞ prezidenti Trampın və Avropa liderlərinin qəzəbi ilə üzləşib və onlar Hindistanın satın almalarının Putinin müharibə maşınını idarə etdiyini bildiriblər. Yeni Dehlinin isə marağı fərqlidir. Hindistan bu müqavilə vasitəsilə Rusiyanın Vladivostok şəhərindən tutumuş Murmansk şəhərinə qədər şimal dəniz yolu boyunca limanlara çıxış imkanı əldə edəcək. Moskva üçün də bu müqavilə əhəmiyyətlidir. Müqavilə Kremlin Ukraynaya qarşı müharibəsi ilə bağlı qlobal təzyiq fonunda Yeni Dehlini özünə yaxın saxlamağa imkan verir. Digər tərəfdən, müqavilənin Moskva üçün strateji dəyəri hazırda Rusiya gəmilərinin və təyyarələrinin Hind okeanı bölgəsində daha uzun müddət qala biləcəyidir.
ABŞ prezidenti Donald Trampın keçən il Rusiya nefti aldığı üçün Hindistana əlavə 25 faiz ticarət tarifini tətbiq etmək qərarı fonunda Yeni Dehli müdafiə və enerji təchizatını şaxələndirməyə, Qərbdən alış-verişləri artırmağa çalışıb. Bununla yanaşı, Hindistan Rusiya ilə əlaqələrini qorumaq üçün balanslaşdırma siyasətinə üstünlük verir. Hindistanın ABŞ-la da hərbi müqavilələri mövcuddur. Yeni Dehli Vaşinqtona mesaj göndərib ki, Hindistana təzyiqi azaltmasa Yeni Dehli Rusiya ilə hərbi əməkdaşlığı daha üst səviyyəyə çatdıracaq".


MANŞET XƏBƏRLƏRİ