Yanvar ayında Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyan bu ölkənin sabiq prezidenti Robert Köçəryanla görüşüb.
Turkustan.az xəbər verir ki, onların görüşü Köçəryanın “Ermənistan” blokunun rəhbəri kimi Masis rayonuna səfəri zamanı baş tutub.
Xocalı qatili səfər zamanı onun görüşünə gəlmiş soyqırımı cəlladının əlini sıxıb.

Erməni bloger Natali Aleksanyan onların görüşünü sərt tənqid edib və Xaçaturyan barəsində ağır ifadələr işlədib:
“Vaqif Xaçaturyan - Azərbaycanın ümumiyyətlə buraxmamalı olduğu bir əclafdır. Nikol Paşinyanın sayəsində o, Ermənistandadır və Robert Köçəryanla əl sıxır.
Azərbaycan dövlətinə müraciət edirəm: xahiş edirəm, qalanlarını buraxmayın, onlar Ermənistan Respublikasının düşmənləridir!”
Xatırladaq ki, yanvar ayının 14-də Bakıda həbsdə olan Vaqif Xaçaturyan və digər üç erməni Azərbaycan tərəfindən Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib.
Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində sözün əsl mənasında soyqırımı törədib.
Birinci Qarabağ müharibəsində iştirak etmiş Təmraz Məmmədov hələ məhkəmədə Vaqif Xaçaturyana yaxınlaşaraq “Vaqif, tanıdın məni, evə “limonka” atmışdın” - demişdi.
Məhkəmədə zərərçəkmiş Məhəmməd Kazımov isə bildirmişdi ki, Xaçaturyan milliyyətçi olması və türklərə nifrət etməsi ilə tanınıb:
““Qaron” adlı restoranın qarşısında 20 nəfərə yaxın erməni ilə mübahisə etdiyimizə görə Xankəndi Şəhər Polis İdarəsinə aparıldıq. Xankəndi avtobazasında sürücü işləmiş Xaçaturyan tanımadığım 5 nəfər mülki geyimli şəxslə otağa daxil olub bizi döyməyə başladılar. Vaqif bizi döyən zaman “siz azərbaycanlıların kökünü kəsmək lazımdır” ifadəsini tez tez işlədirdi”.
Beləliklə, Vaqif Xaçaturyanın üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb. /musavat.com/