Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması üçün hazırda çox əlverişli zamandır.
Turkustan.az xəbər verir ki, nazir bu fikirləri “Azadlıq” radiosuna müsahibəsində səsləndirib.
Papoyanın sözlərinə görə, hazırda Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu üzrə dəmir yolu ilə daşınan yüklərin tranzit qiymətləri ilkin mərhələdə nisbətən yüksək və rəqabətqabiliyyətli deyil, lakin məsələ ilə bağlı danışıqlar davam edir. O qeyd edib ki, prosesdə bir tərəfdən Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdən isə taxıl və benzin idxal edən şirkətlər iştirak edir və optimal tariflərin müəyyənləşdirilməsi üçün müzakirələr aparılır.
Nazir hesab edir ki, quru sərhədin açılması logistik baxımdan vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər:
“Mənim fikrimcə, indi Ermənistanla Azərbaycan arasında quru sərhədini açmaq üçün çox uyğun vaxtdır. Dəmir yolu ilə Ermənistan sərhədinə çatan yüklər oradan multimodal şəkildə yük maşınlarına yüklənərək quru sərhəd vasitəsilə daşına bilər”, – deyə Papoyan vurğulayıb.
O əlavə edib ki, nə Ermənistanda, nə də Azərbaycanda bu addıma mane olan ciddi amillər yoxdur və biznes dairələri də artıq bu prosesə hazırdır. /Musavat.com/