Paşinyanla bağlı ermənilərdən AĞLASIĞMAZ OYUN: Bakıdan CAVAB GECİKMƏDİ


Ermənistan mətbuatında Azərbaycanın xeyrinə ərazi güzəştləri ilə bağlı sensasion iddialar səsləndirilib. belə ki, Yerevan.today saytının baş redaktoru Sevak Hakobyan Paşinyan hakimiyyətinin guya sülh naminə ölkə ərazilərini Azərbaycana təhvil verdiyini iddia edib. O, həmçinin Ermənistan əhalisinin tərkibinin dəyişdirilməsi və Azərbaycanla dəhliz razılaşmalarının da gündəmdə olduğunu bildirib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Elxan Mehdiyev bu fikirlərin reallıqla heç bir əlaqəsinin olmadığını deyib. Onun sözlərinə görə, bu kimi bəyanatlar Ermənistanın daxili siyasi mübarizəsinin nəticəsidir və Paşinyan əleyhinə yönəldilib:

“Bu səsləndirilən fikirlərin hamısı qeyri-ciddi mülahizələrdir. Ermənistanın heç bir ərazisini Azərbaycan tələb etmir, eləcə də Ermənistanın öz ərazilərindən hansısa bir hissəni Azərbaycana vermək niyyəti yoxdur. Azərbaycan sadəcə olaraq öz ərazilərini tələb edir və bu ərazilərin bir qismi artıq geri qaytarılıb”.

O, qeyd edib ki, bu məsələ hələ də gündəmdə qalırsa, bu, razılaşmanın hələ tam yerinə yetirilməməsi ilə bağlıdır:

“Artıq tərəflər problemləri hərbi yolla deyil, razılaşmalar vasitəsilə həll etməyə çalışırlar. Məhz bu səbəbdən iki tərəf arasında optimal yol axtarılır. Ermənistanda yayılan bu cür bəyanatlar daxili auditoriyaya hesablanıb və məqsədi Paşinyanı qaralamaq, onun imicinə zərbə vurmaqdır”.

Politoloq Azərbaycanın bu məsələdə əlavə addım atmasına lüzum görmür:

“Ermənistanın daxili siyasi proseslərinin Azərbaycanla birbaşa əlaqəsi yoxdur. Onlar öz problemlərini daxildə həll etməlidirlər. Azərbaycanın yeganə məqsədi sovet dövründəki sərhədlərə qayıdaraq ərazi bütövlüyünü tam təmin etməkdir. Ermənistanın ərazisi ilə bağlı Azərbaycanın heç bir xüsusi iddiası yoxdur”.


MANŞET XƏBƏRLƏRİ