Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani ABŞ və İran arasında regional gərginliyin azaldılması və böhranın nəzarət altına alınması üçün vasitəçilik səylərinin davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Əl-Sani İngiltərənin Oksford Universitetində çıxışı zamanı ABŞ və İran arasındakı gərginliyə, eləcə də Qətərin vasitəçilik təşəbbüslərinə münasibət bildirib.
O qeyd edib ki, son iki həftə ərzində ABŞ administrasiyasının nümayəndələri ilə aparılan təmaslar zamanı Vaşinqtonun böhranın qarşısını almaq və gərginliyi azaltmaq üçün həll yolları axtardığı müşahidə olunub.
Qətərin Baş naziri ABŞ-dakı siyasi proseslərin Vaşinqton administrasiyasının gələcək siyasətinə təsir göstərə biləcəyini də vurğulayıb. Bununla belə, onun sözlərinə görə, ABŞ tərəfi gərginliyin azaldılması üçün çıxış yolu tapmağa hazırdır.
“Son iki həftədir ABŞ administrasiyasının rəsmiləri ilə işləyirik. Onların vəziyyəti nəzarət altına almaq və gərginliyi azaltmaq üçün yol tapmaq niyyəti var”, – deyə Əl-Sani bildirib.
Aytən Yaşar/Turkustan.az