“Ermənilər 5 əsgərimizi bu yolla komaya salmışdılar” – Tanınmış həkim FAKTLARI AÇDI


Tanınmış ortoped-travmatoloq, tibb elmləri namizədi, professor Bayram Qorçiyev 44 günlük müharibədə qarşılaşdıqları çətinlikləri, həyata keçirdikləri əməliyyatları və yaddaşında iz buraxan hadisələri Globalinfo.az-a müsahibəsində danışıb.

Müsahibəni təqdim edirik:

– 44 günlük müharibənin ilk anlarını necə xatırlayırsınız…

– 2020-ci ildə yaşananlar hələ də gözümüzün önündədir. Çox böyük qürur və məsuliyyət hiss edirdik, eyni zamanda həyəcanlı idik. Müharibənin yaxın olması, yaralı əsgərlərin gətirilməsi, onların qanaxmaları və keçirdikləri emosiyalar yaddaşımdadır. Onların heç biri ağlamır, həyəcanını büruzə vermirdi. Əksinə, bir-birinə yol verirdilər ki, daha ağır yaralananlara əvvəlcə yardım göstərilsin. Əsgər deyirdi ki, döyüş yoldaşımın yarası məndən ağırdır, əvvəl ona kömək edin. Komandir isə öz əsgərinin müalicəsini önə çəkirdi. Bunlar çox qürurverici anlar idi.

Düşmən yaralı əsgərlərin təxliyəsinə mane olmaq üçün müxtəlif taktikalardan istifadə edirdi. Gündüz vaxtı onları döyüş bölgəsindən çıxarmaq çətin idi. Təxliyə zamanı təcili yardım maşınları və yaralılar minaatəşinə tutulurdu. Buna görə də əsgərlər bizim olduğumuz Füzuli Diaqnostika Mərkəzinə əsasən gecə saatlarında gətirilirdi. Bəzən bir dəfəyə 50-60 yaralı qəbul edirdik.

– Yaralı əsgərlərə ilkin müdaxilə necə olurdu?

– Tibbi personal xəstələri qəbul edən kimi onların vəziyyətini qiymətləndirir, ilkin müdaxilələrə başlayır və ixtisaslarına uyğun olaraq müalicə prosesini təşkil edirdi. Ağrıkəsicilər, antibiotiklər verilir, allergik reaksiyaların qarşısını almaq üçün lazımi tədbirlər görülürdü. Daha sonra yaralılar vəziyyətlərinə və ehtiyac duyduqları tibbi yardıma görə çeşidlənirdi. Çənə cərrahı, damar cərrahı, travmatoloq, terapevt, göz həkimi, rentgenoloq – hər kəs öz sahəsi üzrə çalışırdı. Bir-iki saat ərzində təcili əməliyyata ehtiyacı olanlar əməliyyata göndərilir, digərləri müayinədən keçirilir, şok vəziyyətində olanlar isə reanimasiya şöbəsinə yerləşdirilirdi.

Bir müddət sonra növbəti 50-60 yaralı gətirilirdi. İşimiz yalnız səhər saat 4-5-də yekunlaşırdı. Buna baxmayaraq, yorğunluq və aclıq hiss etmirdik. Çünki qarşımızda həyatını xilas etməli olduğumuz insanlar vardı.

– Həmin dönəm xəstəxanada qalırdınız?

– Beyləqanda bir otel tutmuşduq, istirahət üçün ora gedirdik. Heç 10-15 dəqiqə keçməmiş xəbər gəlirdi ki, növbəti yaralılar gətirilib, təcili geri qayıtmaq lazımdır. Gözümüzü belə yummadan yenidən işə dönürdük. Çox çətin şəraitdə çalışsaq da, bunu böyük qürurla edirdik.

Əvvəllər elə düşünürdük ki, yaralının yarasını sarıyıb onu göndərsək, qarşıda daha yaxşı tibbi yardım alacaq. Lakin təcrübə göstərdi ki, xəstələrin evakuasiyası bir, bəzən iki sutka çəkirdi. Onlar bir xəstəxanadan digərinə göndərilərkən vaxt itirilir, yaralarda irinləmə başlayır, ayaqlarda qanqrena yaranır, vəziyyət ağırlaşırdı. Çünki yol boyu hər yerdə ixtisaslı tibbi yardım göstərə biləcək həkim olmurdu.

Buna görə də qərara gəldik ki, həkimlər kollektiv şəkildə ön cəbhədə, xəstənin olduğu ilk nöqtədə mümkün qədər geniş ixtisaslaşmış tibbi yardım göstərsinlər.

Müalicə prosesi belə aparılırdı…

Biz ön cəbhədə bütün bu müdaxilələri birlikdə həyata keçirirdik. Mən sümüyü fiksasiya edirdim, damar cərrahı arteriyanı tikirdi, plastik cərrah dəri defektini bərpa edirdi. Reanimatoloq xəstəni şok vəziyyətindən çıxarır, neyrocərrah da zəruri müdaxiləni edirdi. Beləliklə, yaralı ilk qəbul olunduğu yerdə kompleks ixtisaslaşmış tibbi yardım alırdı.

Bundan sonra vəziyyəti stabilləşən xəstələri hərbi hospitallara və ya Bakının mərkəzi xəstəxanalarına göndərməyə ehtiyac qalmırdı. Onları Şəmkir, Gəncə, Saatlı, Zərdab kimi rayonlara, bəzən də evlərinə yola salırdıq.

WhatsApp Image 2026 11 07 at 11.51.48

– Bayaq “yaralanan hərbçilər öz ağrılarını büruzə vermirdi” dediniz…

– Biz öyrəşmişik ki, xəstələrimiz gələndə qışqırır, ağlayır, qorxur və narahat olurlar. Amma əsgərlərimizdə bunları görmürdük. Onlardan harada yaralandıqlarını soruşanda “Şuşada yaralanmışam” deyirdilər. Şuşada yaralanmaları ilə fəxr edirdilər. Ağrıdan şikayətlənmək, ağlamaq, qorxu və həyəcan hissi demək olar ki, müşahidə olunmurdu.

Bir xəstəmiz vardı, onu qucaqlayır, bir yerdən başqa yerə aparırdıq. Birdən dedi ki, neçə gündür çimməyib, üstündən pis qoxu gəlir, utanır. Mən də cavab verdim ki, səndən ən gözəl qoxu gəlir, cənnət, behişt, gül ətri verirsən. Sən qəhrəmansan! Onlar bir-birinə çox səmimi yanaşır, bir-birini gözləyir və dəstəkləyirdilər.

– Başqa hansı xatirənizi bölüşə bilərsiniz?

– Bir dəfə gecə bir əsgər gətirdilər. Deyirdi ki, bir gözü görmür, çıxıb. Göz xüsusi sahə olduğuna görə bu məsələyə diqqətlə yanaşırdıq. Gözünü palçıqdan və digər çirklərdən təmizlədik. Məlum oldu ki, gözünə heç bir zədə dəyməyib, sadəcə palçıq onu tamamilə örtüb. Elə görünürdü ki, sanki gözünü itirib. Gözünün yerində olduğunu və zədələnmədiyini görəndə hamımız çox sevindik.

Ermənilərin əsgərlərimizi zəhərləmək məqsədilə evlərdə saxladıqları qidanın içinə zəhər tökdükləri barədə hadisə ilə qarşılaşmışdıq. Beş əsgər komaya düşmüşdü. Mərkəzlə əlaqə saxlayaraq onları təcili Bakı Toksikologiya Mərkəzinə göndərdik. Azər doktor bizə çox kömək etdi. Həm tibbi baxımdan məsləhətlər verdi, həm də xəstələrin müalicəsinin təşkili üçün dəstək göstərdi. Onunla əlaqə saxladıq, təcili yardım əməkdaşları ilə koordinasiyalı şəkildə hərəkət etdik və xəstələri Toksikologiya Mərkəzinə çatdırdıq. Nəticədə hamısı xilas oldu. Halbuki vəziyyətləri çox ağır idi və ciddi zəhərlənməyə məruz qalmışdılar.


MANŞET XƏBƏRLƏRİ