Ermənistandan tarixi etiraf: "70 ildir yanılırıq"


Ermənistan Parlamentinin sədri Alen Simonyan ölkəsinin onilliklər ərzində yürütdüyü xarici siyasəti tənqid edərək, Türkiyə təhlükəsi ritorikasının Ermənistanı Rusiyadan asılı təhlükəsizlik modelinə yönəltdiyini etiraf edib.

Turkustan.az xəbər verir ki, Simonyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayaraq, “Biz 70 ildir ki, yanılırıq” deyib.

O, Üçüncü Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən “Sülh və Təhlükəsizlik: Dəyişən Regional Reallıqlar” adlı paneldə çıxışı zamanı “Rusiyaya sığınmalıyıq, əks halda türklər bizi yeyəcək” düşüncəsinin heç bir reallığa əsaslanmadığını bildirib.

“Armenpress”in məlumatına görə, Simonyan Türkiyədən mümkün hücum ssenarilərinə əsaslanaraq Ermənistanın hərbi gücünü artırmaq yanaşmasını tənqid edib.

Parlament sədri Türkiyə və Azərbaycanla münasibətlərin daim müharibə təhlükəsi prizmasından qiymətləndirilməsinin yanlış olduğunu qeyd edib. O, mümkün münaqişələrin qarşısını almaq üçün diplomatik yanaşmaya üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Simonyan çıxışının sonunda Ermənistanın gələcək nəsillərə qisas ideologiyası deyil, davamlı sülh mirası qoymalı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ