Yəməndə döyüşlər şiddətlənir: 313 min insan didərgin düşdü


Yəməndə hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında yenidən başlayan döyüşlər minlərlə ailəni evlərini tərk etməyə məcbur edir.

Turkustan.az xəbər verir ki, iyul ayından bəri şiddətlənən münaqişə milyonlarla insanın humanitar yardıma ehtiyac duyduğu ölkədə böhranı daha da dərinləşdirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, avqustun əvvəlindən bəri təxminən 313 min insan evindən didərgin düşüb. Münaqişə nəticəsində 69 mülki şəxs həlak olub, 212 nəfər yaralanıb. Ölən və yaralanan mülki şəxslərin üçdə birindən çoxunu uşaqlar təşkil edir.

Döyüşlər xüsusilə ölkənin cənub-qərbində yerləşən Taiz şəhərində və ətraf ərazilərdə şiddətlənib. Məcburi köçkünlərin böyük hissəsi sığınacaq, qida və səhiyyə xidmətlərinə çıxışda çətinlik çəkir.

Məlumata görə, hökumət qüvvələri Taiz və qonşu Lahic əyalətlərində husilərə məxsus olduğu ehtimal edilən mövqeləri hədəfə alıb. Taiz şəhərinin cənubundakı əl-Əkrud cəbhəsində isə husilərin hücumunun qarşısı alınıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ