“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” Respublika İctimai Birliyinin sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin VII çağırış deputatı Əbülfəz Həmidov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Bu il Azərbaycan və bütün Türk dünyası Qarabağ Zəfərinin altıncı ildönümünü qeyd edir.
Bütün dünyaya bəlli olduğu kimi, 44 günlük Vətən müharibəsində qazanılmış bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, Azərbaycan xalqının sarsılmaz birliyi və həmrəyliyi sayəsində mümkün olmuşdur.
Bu Zəfər milli qürurumuzun, tarixi ədalətin bərpasının və dövlət suverenliyinin təntənəsinin rəmzidir.
Bu əlamətdar gündə biz də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların misilsiz qəhrəmanlığı qarşısında baş əyirik.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşərək dünyaya milli birlik və həmrəyliyin parlaq örnəyini nümayiş etdirdi.
Bu əlamətdar gün münasibətilə Qazaxıstanda yaşayan azərbaycanlılar və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm!
Bu tarixi Qələbə uzun illər davam etmiş münaqişənin başa çatmasına yol açmış, bölgədə sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsi üçün güvənli zəmin yaratmışdır.
Azərbaycan xalqının müdrikliyi və dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün bölgədə davamlı sülhün, sabitliyin təmin olunması yönündə mühüm addımlar atılır.
Hörmətli İlham Heydər oğlu!
Böyük Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!
Sizə möhkəm cansağlığı, məsuliyyətli dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə əbədi sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin də vurğuladığı kimi, Sizin müdrik, nüfuzlu rəhbərliyiniz, həyata keçirdiyiniz strateji siyasi kurs, xalqın həmin kursu geniş dəstəkləməsi sayəsində Azərbaycan BMT Nizamnaməsinin əsas prinsiplərinə, beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlətçiliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf tarixində yeni mərhələyə qədəm qoymuşdur.
Öz növbəsində, Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri də dinamik şəkildə inkişaf edir.
İki ölkə arasındakı qardaşlıq əlaqələrinin parlaq örnəklərindən biri kimi 2021-ci il sentyabrın 10–12-də Qazaxıstan parlament nümayəndə heyətinin Azərbaycan Respublikasına, o cümlədən Şuşaya və Qarabağ bölgəsinə səfərini xüsusi qeyd etmək istərdim.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində həmkarlarım Darxan Mınbay və Əmirxan Raxımjanovla birlikdə mən də iştirak edirdim.
Azərbaycan parlamentinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlər zamanı Qarabağda, o cümlədən Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olduq, Qazaxıstan şirkətlərinin bu bölgənin dirçəldilməsində iştirak imkanlarını müzakirə etdik.
Belə əlamətdar və tarixi görüşlərin önəmini xüsusi vurğulayaraq, biz – “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” Respublika İctimai Birliyi olaraq, qardaş və müttəfiq ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf etməsini ürəkdən arzulayırıq.
Böyük Zəfər Günümüz mübarək olsun!
Əbülfəz HƏMİDOV
“Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” Respublika İctimai Birliyinin sədri,
Qazaxıstan Respublikası Parlamenti Məclisinin VII çağırış deputatı