Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiya ordusunun Dnepr çayı üzərindəki Şimal körpüsünə və şəhərin enerji infrastrukturuna hava zərbələri endirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Kliçko sosial media hesabında etdiyi paylaşımda paytaxtda enerji təchizatı vəziyyətinin son dərəcə kritik olduğunu vurğulayıb:
"Hücumlar nəticəsində şəhərdə istilik və su təchizatı sistemlərinin işində ciddi fasilələr yaranır."
Mer Dnepr çayı üzərindəki Şimal körpüsünün yenidən hədəf alındığını, yol örtüyünə, trolleybus xəttinə və elektrik sisteminə ziyan dəydiyini qeyd edib. Zərbələr nəticəsində biri uşaq olmaqla 5 nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı məlumatda isə Rusiya ordusunun hücum zamanı raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi bildirilib. Əməliyyatlar nəticəsində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri 4 raket və 149 dronu zərərsizləşdirib.
Aytən Yaşar/ Turkustan.az