Komitə sədri Rais Rəsulzadəni 80 illik yubileyi münasibətilə təbrik edib


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rais Rəsulzadəyə anadan olmasının 80 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda sənətkarın Azərbaycan təsviri sənətinin inkişafındakı uzunillik səmərəli fəaliyyəti, milli rəssamlıq ənənələrinin qorunması və zənginləşdirilməsi istiqamətində xidmətləri yüksək qiymətləndirilib.

Fazil Mustafa vurğulayıb ki, Rais Rəsulzadənin yaradıcılığında Azərbaycan təbiətinin özünəxas gözəllikləri, doğma yurdun mənzərələri, xalqımızın mənəvi dünyası və milli-mədəni irsimiz önəmli yer tutur. Onun müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər bədii-estetik məziyyətləri, fərdi yaradıcılıq üslubu və milli təsviri sənət ənənələrinə bağlılığı ilə səciyyələnir.

Təbrik məktubunda Rais Rəsulzadənin rəssam və ictimai xadim olaraq ölkənin ictimai-mədəni həyatına, milli bədii irsin qorunmasına və təbliğinə verdiyi töhfələr xüsusi qeyd olunub.

Yubilyarın Azərbaycan Dövlət Pedaqoji Universitetində uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, rəssamlıq sənətinin nəzəri və praktik əsaslarının gənc nəslə öyrədilməsi, istedadların üzə çıxarılması istiqamətində xidmətləri də təqdirlə vurğulanıb. Onun yaradıcılıq təcrübəsini pedaqoji fəaliyyətlə üzvi şəkildə birləşdirməsi milli təsviri sənətimizin davamlı inkişafına dəyərli töhfə kimi qiymətləndirilib.

Komitə sədri Rais Rəsulzadənin zəngin həyat və yaradıcılıq təcrübəsinin bundan sonra da Azərbaycan təsviri sənətinin inkişafına, milli-mədəni dəyərlərimizin qorunmasına və gənc rəssamlar nəslinin yetişməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Fazil Mustafa yubilyar sənətkarı bir daha təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və doğmaları ilə birgə xoş günlər arzulayıb.


MANŞET XƏBƏRLƏRİ