Rusiya Federal Statistika Xidməti (Rosstat) informasiya sistemlərinə edilən kiberhücumdan sonra bəzi iqtisadi göstəricilərin açıqlanmasında gecikmələrin ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Rosstat-ın məlumatına görə, oktyabrın 29-dan noyabrın 1-dək davam edən kiberhücumlar nəticəsində müvəqqəti olaraq əlçatmaz olan qurumun internet saytı bərpa edilib. Bununla belə, informasiya sistemlərinin tam bərpası istiqamətində işlər davam etdirilir.
Bəyanatda məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi sistemlərin hələ də istifadəyə açılmadığı bildirilib. Həmçinin müəyyən statistik hesabat formaları üzrə ilkin məlumatların təqdim edilməsi üçün son müddətin noyabrın 13-dək uzadıldığı qeyd olunub. Bu səbəbdən bəzi iqtisadi göstəricilərin dərcində gecikmələr mümkündür.
Rosstat-ın noyabrın 6-da açıqlamalı olduğu həftəlik inflyasiya və yanacaq qiymətləri ilə bağlı məlumatlar bir neçə dəfə təxirə salındıqdan sonra bu gün dərc edilib.
Qurum kiberhücumlardan sonra yaydığı açıqlamada məlumat bazalarına icazəsiz giriş və ya məxfi məlumatların sızması ilə bağlı hər hansı sübut aşkar edilmədiyini bildirib.
Qeyd edək ki, Rusiya 2022-ci ildə Ukraynada müharibəyə başladıqdan sonra bəzi iqtisadi və ticarət göstəricilərinin ictimaiyyət üçün əlçatanlığını məhdudlaşdırıb.
AYtən Yaşar/ Turkustan.az