"Belarus şirkətlərinin Qarabağın inşasına cəlb olunması təqdirəlayiqdir" - Millət vəkili


“Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər iki dövlət arasında əlaqələrin yüksələn xətlə inkişafına zəmin yaradır. Azərbaycanla Belarus arasında münasibətlər sabit templə hər zaman davam edib. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat haqda danışarkən söyləyib.

Millət vəkili bildirib ki, Belarus Prezidenti A.Lukaşenko Qarabağ münaqişəsinə ədalətli yanaşması ilə hər zaman fərqlənib: “Cənab Lukaşenko Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hər zaman ədalətli, beynəlxalq hüquqa söykənən mövqeyini açıq şəkildə ifadə edib. Baxmayaraq ki, Belarusla Ermənistan istər KTMT, istərsə, Avrasiya İqtisadi İttifaqı və başqa platformalarda Azərbaycandan daha yaxın müttəfiqdi, lakin, rəsmi Minsk hər zaman ədalətin tərəfindən olub. Bəzən, buna görə ermənilər tərəfindən hücumlara məruz qalıblar. 44 günlük Vətən müharibəsi zamanı da Belarusun rəsmi mövqeyi Azərbaycanın haqq savaşının yanında idi. Bütün bunlar bizim münasibətlərimizi son illər daha da möhkəmləndirib”.

A.Məmmədovun sözlərinə görə yenidən qurulan Qarabağın inşasında Belarus şirkətlərinin iştirakı təqdir olunası məsələdir: “Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin qurulculuğuna dost, müttəfiq ölkələrin şirkətlərini cəlb edir. Bu da, Azərbaycanın onlara olan qarşılıqlı jesti, vəfa borcudur. Belarus şirkətləri də yaşayış məntəqələrinin inşasında iştirak edəcəklər. Cənab Prezidentin qeyd etdiyi kimi, “Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.

Belarus Prezidentinin Azərbaycan Prezientinin fəaliyyətinə verdiyi yüksək qiymətə toxunan A.Məmmədov qeyd edib ki, A.Lukaşenkonun ifadə etdiyi “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik” – fikirləri hər bir azərbaycanlıda iftixar hissi yaradır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ