“Türkiyə son dövrlərdə İsrail üçün ciddi strateji çağırışa çevrilsə də, bəzi israilli rəsmilərin iddialarının əksinə olaraq, onu hələ “yeni İran” adlandırmaq olmaz. Çünki Ankara nə İsraili məhvetmə strategiyası yürüdür, nə də birbaşa hərbi qarşıdurma istəyir”.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Təl-Əviv Universitetinin Dayan Mərkəzinin baş tədqiqatçısı Maykl Milşteyn “Ynet” saytında dərc olunan təhlilində yazıb.
Ekspertin sözlərinə görə, İranla müharibənin başa çatmasından sonra bəzi İsrail rəsmiləri arasında, o cümlədən Baş nazir Benyamin Netanyahu və sabiq hökumət başçısı Naftali Bennettdə “Türkiyə yeni İrandır” fikri güclənib. Milşteyn hesab edir ki, bu iddia həddindən artıq şişirdilib, sərt siyasi ritorika ilə Ankaranın real məqsədləri arasında fərq var.
“Türkiyə hazırda HƏMAS-ı dəstəkləyir, Suriyada öz nüfuzunu genişləndirib, ABŞ-dən F-35 qırıcılarını almağa və yerli KAAN qırıcısını inkişaf etdirməyə çalışır, bölgədə hərbi mövcudluğunu artırıb və Misirlə münasibətlərini yaxşılaşdırıb. Həmçinin Ankara HƏMAS-ın İstanbuldakı ofisinin fəaliyyətini dəstəkləyir, həmin ofis İordan çayının qərb sahilində həyata keçirilən əməliyyatların idarə olunmasında rol oynayır. Türkiyə “Mavi Vətən” layihəsi dənizlərdə təsirini artırır, İsrail, Yunanıstan və Cənubi Kipr arasında elektrik kabeli layihəsinə qarşı çıxır. Amma Türkiyə hələ də İsraillə diplomatik münasibətlərini qoruyur, İran hakimiyyəti, “Hizbullah” və HƏMAS-dan fərqli olaraq, İsraili məhv etməyə yönəlmiş strategiya yürütmür”, - israilli analitik vurğulayıb.
Milşteyn qeyd edib ki, Türkiyə hətta Suriyada da İsraillə birbaşa qarşıdurmadan yayınıb və tərəflər arasında təhlükəsizlik sahəsində kommunikasiya kanalları hələ də fəaliyyət göstərir:
“İsrail eyni vaxtda İran, Livan, Qəzza ilə bağlı problemlər, ABŞ ilə gərginlik və beynəlxalq təzyiqlərlə üzləşdiyi vaxtda Türkiyə kimi regional güclə yeni qarşıdurmaya girməməli, fikir ayrılıqlarını diplomatik yollarla idarə etməyə üstünlük verməlidir”.