Rusiya ilə Ermənistan arasındakı “müharibə”nin ssenariləşdirilmiş bir tamaşa olduğunu əvvəllər də yazmışıq. Getdikcə daha çox təsdiqini tapır, ara-sıra qarşılıqlı “hərbə-zorbalar” olsa da... İnsafən, hər iki tərəf rolunu kifayət qədər məharətlə oynadı. “Dava” o həddə qədər gərginləşdi ki, Avropa təşkilatları Ermənistanı “pula bürüdülər”. Elə bu günlərdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın təzyiqlərindən “əziyyət çəkən” Ermənistan üçün bazar elan etdi və üstəlik, yeni yardım paketinin anonsunu verdi...
Budur, Avropadan səfərlər həyata keçiriləndən, mümkün olanlar alınandan sonra Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin vaxtı və gündəliyi açıqlandı. Bildirilir ki, o, Yekaterinburqdakı “Innoprom” sərgisinə dəvət olunub. 6-9 iyul tarixlərində keçiriləcək “Sənaye 360: Sərhədsiz istehsal” adlı əsas plenar iclasda Nikol Paşinyanın çıxış etməsi nəzərdə tutulub. O da açıqlanıb ki, iclasda Rusiya baş naziri Mixail Mişustinin və digər ölkələrin nümayəndələrinin də iştirakı gözlənilir.

Belə... Nikol Paşinyan Rusiya baş naziri Mixail Mişustinlə telefonla danışmışdı. Rusiya hökumətinin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Və “Hökumət başçıları ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Ermənistan-Rusiya əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”.
Əgər Moskva və İrəvan arasında uçurum var idisə, məntiqlə Paşinyan “Sənaye 360: Sərhədsiz istehsal” adlı tədbirə dəvət almamalı idi, çünki Ermənistanın qarşısında “ya Aİİ, ya Aİ” seçimi qoyulub, deyilənlərə görə. Amma Paşinyan hətta tribunaya dəvət olunacaqsa, deməli, Ermənistanın Aİİ sərhədlərindən kənara çıxmaq niyyəti yoxdur...
“Real Ermənistan” qurmağı qarşısında məqsəd qoyan Paşinyanın qeyri-real işlərə zaman və enerji sərf etməsi elə də real görünmür. Odur ki, Avropadan nə qədər böyük dəstək də verilsə, Ermənistanla Rusiya arasındakı iplərin kəsilməsi mümkün deyil. Rusiya Ermənistan üçün təkcə kənd təsərrüfatı məhsullarının bazarı deyil ki...Rusiyada yaşayan 3 milyon erməni - Ermənistan əhalisindən də çox - hər il ölkələrinə 4 milyard dollar göndərirsə, bu, çox ciddi rəqəmdir. Ermənistanda Rusiyaya bağlı adamlar bir yana, Ermənistan büdcəsinə həlledici təsiri olan şirkətlər, adı Ermənistanın olsa da, dadı Rusiyanın olan dəmiryolları şəbəkəsi, Gümrüdəki hərbi baza, tank alayı, qırıcılar, İran və Türkiyə ilə sərhədləri qoruyan rus sərhədçiləri...

Rusiyanın Ermənistan üzərində o qədər təsir imkanları var ki, heç forposta nəql edilən Rusiya qazının kəsilməsinə, yaxud da Avropa qiymətinə qaldırılmasına ehtiyac yoxdur. Hələ Rusiya hərbi bazasının işə qarışmasını demirik...Beləliklə, Paşinyan icazə verildiyi məsafədə kənara çəkilə, yaxud da Rusiya düşmənləri ilə əməkdaşlıq edə bilər. Bununla həm də “Rusiyanın siyasətindən təsirlənən ölkə” kimi Avropa strukturlarından böyük miqdarda yardımlar alır. Ukrayna bataqlığında çarəsiz duruma düşən, ölkə vətəndaşlarını yanacaqla belə təmin edə bilməyən Kremlin Ermənistan üçün “əlini cibinə salmaq” imkanları mövcud deyil artıq. Sonuncu dəfə Rusiya prezidenti 2024-cü ilin mayında, Paşinyan hərbi parada gedən zaman 100 milyonluq “xərclik” vermişdi, indi özü KTMT ölkələrindən dəstək istəyir...

Odur ki, reallıq Ermənistana müəyyən sərbəstlik verilməsini, onun Avropaya inteqrasiya xəttindən bəhrələnməsini və Rusiyanın da yükünün müəyyən qədər azaldılması üçün manevrləri diktə edir. Eyni zamanda Rusiya onunla “düşmən” olan Ermənistan üzərindən reeksport həyata keçirmək imkanlarını özündə saxlayır. Guya Avropada bilmirlərmi ki, necə olur, cəmi 3 milyonluq Ermənistan reeksport sayəsində Rusiyanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Ukraynaya qarşı təcavüzkar müharibəyə görə sanksiyaların təsirindən çıxılmaz duruma düşən Rusiya üçün hansı tamaşanı oynayır-oynasın, əsas odur ki, büdcəsinə əlavə vəsaitlər daxil olsun. Sadiq forpost bu mənada da ona yardım edir. Şübhə yoxdur ki, Ermənistandakı Avropa İttifaqının yarımhərbi - əslində casus şəbəkəsi - də, hibrid müharibələrə qarşı mübarizə adı altında bu ölkəyə göndərilən qruplar da, ABŞ-nin İrəvandakı səfirliyinin Gümrüdəki hərbi bazasının şəxsi heyətinin sayının yarısını təşkil edən kontingenti də çox yaxşı bilir. Amma qarşısını almır, çünki onlara Ermənistan çox lazımdır. Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə Ermənistana Rusiyanın dəstəyi, 1 milyard dollarlıq silah hədiyyəsi və s. faktlar da Qərb təsisatlarına yaxşı məlum idi, amma nə olsun?..

Beləliklə, “zərərçəkmiş” Paşinyanın Rusiyaya səfəri və sərgidə iştirakını da onun Avropadakı tərəfdaşları normal qəbul edəcəklər. Məsələn, Ermənistanın “qərbyönlü” baş nazirinin İrana səfəri və keçirdiyi görüşləri də sakit qarşılayırlar. Düzdür, bu səfər İran İslam Respublikasının ali lideri Əli Xameneinin vəfatı ilə bağlı reallaşıb. Amma Qərb dövlətləri Ermənistan üçün nəfəslik rolunu oynayan ölkə ilə əlaqələrin kəsilməsi, yaxud məsafə saxlanılması tələbini qoymayıblar İrəvanın qarşısında. Ermənistan bir çox düşmən ölkələrin, maraqları toqquşan təşkilatların ortaq maraqlarının birləşdiyi ünvandır. Azərbaycanın tarixi torpaqlarında belə bir ölkənin yaradılmasından, türklərin deportasiyası fonunda ermənilərin kütləvi şəkildə yerləşdirilməsindən bəri de-fakto razılaşma var, maraqlar digər məsələlərdə nə qədər toqquşursa, Ermənistan məsələsində üst-üstə düşür. 30 il ərzində onları “Qarabağ konflikti” birləşdirirdi, indi də Ermənistan məsələsi...Görmürsünüzmü, Qərbi Azərbaycandan qovulan azərbaycanlıların məsələsini eşitməzliyə vurduqları halda, Qarabağ separatçıları və ərazilərimizdən könüllü gedənlərlə bağlı vaxtaşırı səs-səsə verirlər...
Elşad PAŞASOY /musavat.com/