Türkiyə-Ermənistan sərhədi, Bakının mövqeyi - Marqarada son hazırlıqlar gedir


Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhədin açılması məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son günlər Türkiyənin Ermənistanla sərhəddə yerləşən Marqara sərhəd-keçid məntəqəsində təmir və yenidənqurma işlərini sürətləndirməsi bunun təsadüfi proses olmadığını göstərir. Bu hazırlıq həm regional diplomatiyanın sürətlənməsi, həm də Ankara-İrəvan münasibətlərində yeni mərhələyə keçid ehtimalıdır.

Lakin prosesə Bakı prizmasından baxdıqda mənzərə daha aydın görünür. Son illər həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi Azərbaycan-Ermənistan münasibətlərindən ayrı müstəvidə aparılmayacaq. Əksinə, hər iki istiqamət paralel, qarşılıqlı etimada söykənən və koordinasiya olunmuş şəkildə inkişaf etdiriləcək.

Məhz bu baxımdan Marqara sərhəd-keçid məntəqəsində aparılan hazırlıq işləri Azərbaycan-Ermənistan sülh gündəliyindən kənar addım kimi deyil, Bakı ilə razılaşdırılmış ümumi regional strategiyanın tərkib hissəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Azərbaycanın razılığı və maraqları Ankara üçün prioritetdir. "Bir millət, iki dövlət" prinsipi yalnız siyasi şüar deyil, eyni zamanda xarici siyasətin əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu səbəbdən Ankara indiyədək Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı bütün addımları Bakı ilə məsləhətləşmələr çərçivəsində həyata keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif çıxışlarında bildirib ki, regionda kommunikasiyaların açılması, sərhədlərin fəaliyyətə başlaması və iqtisadi inteqrasiya yalnız qarşılıqlı etimad və sülh sazişinin imzalanması fonunda real nəticə verə bilər. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, regionda bütün açılımlar kompleks yanaşma əsasında həyata keçirilməlidir.

Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar davam edir. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və diplomatik münasibətlərin normallaşdırılması istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Belə bir şəraitdə Türkiyə-Ermənistan sərhədinin də gələcəkdə açılması artıq ayrıca hadisə deyil, bütöv regional sülh paketinin tərkib hissəsi kimi nəzərdən keçirilir.

Marqara sərhəd-keçid məntəqəsinin yenidən istifadəyə hazırlanması da məhz bu perspektivə hesablanmış texniki hazırlıqdır. Bu, sərhədin sabah açılacağı anlamına gəlməsə də, Ankara prosesə hazır olmaq istəyir. Diplomatik praktikada belə addımlar siyasi qərarlar qəbul edilməzdən əvvəl həyata keçirilən infrastruktur hazırlıqları hesab olunur.

Bununla yanaşı, Türkiyə regionda nəqliyyat və ticarət marşrutlarının genişlənməsində maraqlıdır. Ermənistanın regional layihələrə inteqrasiyası isə yalnız Azərbaycanla münasibətlərin normallaşması fonunda mümkün görünür. Əks halda nə Ankara, nə də Bakı uzunmüddətli strateji maraqlarını risk altına atacaq addımlar atmağa meylli deyil.

Azərbaycanın mövqeyi isə dəyişməz qalır. Bakı hesab edir ki, regionda istənilən normallaşma prosesi ayrı-ayrı deyil, paralel və qarşılıqlı şəkildə həyata keçirilməlidir. Başqa sözlə, Azərbaycan-Ermənistan münasibətlərində əldə ediləcək irəliləyiş Türkiyə-Ermənistan münasibətlərində də öz əksini tapacaq. Bu model həm regional sabitliyi möhkəmləndirə, həm də gələcəkdə Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialını tam şəkildə reallaşdırmağa imkan verə bilər.

Məhz buna görə Marqara sərhəd-keçid məntəqəsində aparılan işlər təkcə texniki yenilənmə deyil, həm də regionun gələcəyinə hesablanmış siyasi siqnal kimi diqqətlə izlənilir. Əgər Azərbaycan-Ermənistan sülh sazişi istiqamətində proses uğurla yekunlaşarsa, Ankara ilə İrəvan arasında sərhədin açılması da həmin razılaşmaların məntiqi davamı ola bilər. Beləliklə, Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma mərhələsini əməkdaşlıq və qarşılıqlı iqtisadi inteqrasiya dövrü əvəz edə bilər.
Əli Orucov: "Müxalifət liderləri bir-birilərindən şübhələnirlər"
AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov Musavat.com-a dedi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Bakı -İravan arasında sülh sazişinin imzalanmasından və ələqələrin qurulmasından asılıdır: “Doğrudur, Qərb dairələri və Ermənistan tərəfi çalışır ki, sərhədlərin açılması Azərbaycanla bağlanılmasın. Lakin Ankaranın mövqeyində indiyədək heç bir ciddi dəyişikiliklər baş verməyib. Türkiyə Bakı ilə razılaşdırılmadan və onun maraqlarına xələl gətirə biləcək addımlar atmağı düşünmür. Digər tərəfdən Ermənistanın Konstitusiyasında və cəmiyyətin müxtəlif təbəqələrində Türkiyəyə qarşı da ərazi iddiaları var. Düşmənçilik ruhu hələ də qalmaqdadır. Yəni bütün bunlar ola-ola sərhədlərin açılması ticari-iqtisadi əlaqələrin qurulması heç də asan deyil. Buna xeyli zaman lazımdır. Həmçinin sülh və etimad məsələsi üzərində hələ çox işlənilməlidir.

Lakin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması istiqamətində praktik addımların atılması xeyli ümidlər yaradır. Ermənistana Azərbaycan üzərindən dəmiryolu xətti ilə yüklər daşınır. Azərbaycanın özü də Ermənistana yanacaq tədarük edir. Cari ilin yanvar-may aylarında Azərbaycanın Ermənistana ixrac etdiyi malların ümumi dəyəri 11.27 milyon ABŞ dolları təşkil edib. Demək ticari əlaqələrdə irəliləyişlər var və bu dinamka artmaqdadır. Belə olan təqdirdə Türkiyə ilə də sərhədlər tam açılmadan ticari əlaqələrin yaradılması mümkündür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması yerüsütü daşımaların həyata keçirilməsi prespektivdə gözlənilir. Bir neçə dəfə hər iki dövlətin nümayəndə heyəti sərhəddə, yaxud da müxtəlif məkanlarda görüşüb müzakirələr aparılıb. Seçkilərdən öncə İrəvandan Türkiyəyə bir avtobus sərhədləri keçərək sərnişinlər daşınıb. Bunlar həm də simvolik verilən mesajlardır. Gec-tez Türkiyə ilə də sərhədlər açılacaq. Ona görə də buna hazırlıqlar hər iki tərəfdə aparılır. Infrastrukturlar və dəmiryolu xətləri yenidən qurulur.

Maqara sərhəd-keçid məntəqəsində işlər demək olar ki, hazırlıq mərhələsindədir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına, nəqliyyat xətlərinin açılmasına Qərb və ABŞ-ın da dəstəyi var. Xüsusən də son dönəmlər regiona edilən səfərlər və verilən bəyanatlar onu deməyə əsas verir ki, ortada güclü iradə var. Cənubi Qafqaz yeni mərhələyə hazırlanır. Təbii ki, burda da kilid nöqtəsi Azərbaycandır. Müşahidələrimə görə iqtisadi-ticari əlaqələr siyasi əlaqələrdən daha erkən başlayıb və bu da imkan verəcək ki, konfliktlər və illərlə davam edən düşmənçiliklər və gərginliklər tədricən aradan qaldırılsın. Ankaranın Cənubi Qafqazda fəallaşması və oynadığı rol, Bakı ilə koordinasiyalı gördüyü işlərin bəhrəsi cücərməkdədir. Cənubi Qafqazda Azərbaycan söz sahibi olaraq təhlükəsizliyin təminatında və inteqrasiyanın həyata keçirilməsində də əsas oyunçudur”. //musavat.com/


MANŞET XƏBƏRLƏRİ