Bizsiz dünya: İnsanlar bir anda yox olsaydılar, nə baş verərdi?


Heç dünyanı insansız təsəvvür etmisiniz? İnsanlar birdən yoxa çıxsaydı, Yer kürəsi necə olardı və nələr baş verərdi? Məsələn, belə bir şey baş versəydi, 1000 ildən sonra insan sivilizasiyasının bütün izləri Yer üzündən silinmiş olardı. Hər yerdə bitkilər, hər yerdə vəhşi təbiət... Bəs sonra?

Turkustan.az xəbər verir ki, amerikalı yazıçı, professor Alan Vaysman “Bizsiz Dünya” kitabında bu məsələyə toxunub.

Bir həftə sonra

Elektrik stansiyalarını yanacaqla təmin edən olmasa, dünya şəhərlərinin işıqları sönməmiş elektrik stansiyaları dayanacaq. Külək turbinlərini də yağlamaq lazımdır, əks halda onlar işləməyəcək.

Qeyri-adi quruluşa malik olduğundan yeganə işləyən elektrik stansiyası Huver elektrik stansiyası olacaq. Yeraltı tunellər də təxminən 36 saat sonra su ilə dolmağa başlayacaq, çünki tunellərə sızan su ilə məşğul olan adam tapılmayacaq.

Atom elektrik stansiyaları orta hesabla 2 ilə kifayət edəcək enerjiyə malikdir. Amma istehsal olunan enerji sərf olunmayacağından reaktorlar iki gün ərzində avtomatik olaraq bağlanacaq. Stansiyalar bağlandıqca elektrik enerjisi azalacaq və şəhərlərdə yavaş-yavaş qaranlıq başlayacaq. Bir neçə həftə sonra planet dərin zülmətə qərq olacaq.

On gün sonra

Marketlər və soyuduculardakı ərzaqlar xarab olmağa başlayacaq. Evimizdə bəslədiyimiz heyvanlar çölə çıxa bilməsələr, öləcəklər. Amma onlar üçün çölə çıxmaq sağ qalmaq demək deyil. Siçanlar kimi heyvanlar yavaş-yavaş evləri işğal etməyə başlayacaqlar.

Altı ay sonra

Şəhərlər vəhşi təbiətə təslim olacaq. İnsanlara görə yaşayış yerlərini tərk etməli olan vəhşi heyvanlar öz vətənlərinə qayıtmağa başlayacaqlar.

Bir il sonra

Bir il sonra magistral yollar, dayanacaqlar və ya asfaltda bitki populyasiyası artmağa başlayacaq. Yollardakı çatlardan otlar boylanacaq. Divarlarında bitki populyasiyası artdıqca binalar zədələnməyə başlayacaq. Təbii proseslər nəticəsində intensiv yanğın və daşqınlar baş verəcək. Buna görə də insan tərəfindən yaradılan hər şey yanaraq kül olmağa başlayacaq. Bu, azot yaradacaq və bundan qidalanan bitkilər dünyanı sürətlə ələ keçirəcəklər.

Beş il sonra

Beş il sonra bitkilər hər yeri örtəcək. “Nə qədər?” deyirsinizsə, maraqlı bir nümunə var: Kambocadakı Anqkor məbədləri. XV əsrdə tərk edilmiş bu məbədlərin içindən qalxan ağaclar öz budaqlarını məbədin divarlarına dolayıblar. Zaman keçdikcə parklar və çəmənliklərdə fidanlar bitməyə və şəhərlərə, binalara doğru yayılmağa başlayacaq.

İyirmi il sonra

Bu müddətdə dondurucu soyuğun yaşandığı yerlərdə binalar divarlarının çatlarında toplanan suyun donması və genişlənməsi səbəbindən aşınmaya məruz qalacaq. Bitkilər bu genişlənmə nəticəsində böyüyən çatlardan sızmağa başlayacaq və nəmin təsiri ilə çatların içərisində hərəkət edəcəklər.

İyirmi beş il sonra

25 il sonra sahil ərazilərdə insan izi qalmayacaq. Dəniz səviyyəsinə yaxın şəhərlər (London və Amsterdam kimi) su altında qalacaq. Göydələnlərdəki şüşələr intensiv daralma-genişlənmə təzyiqinə tab gətirə bilməyəcək və qırılmağa başlayacaq. Boş və xarabaya çevrilmiş göydələnlərin yeni sahibləri quşlar və həşəratlar olacaq. Tarakanlar insan tullantıları ilə qidalandıqları üçün bizim yox olmağımıza üzüləcəklər, amma bu depressiya cəmi 1 dəqiqə davam edəcək, kitab və digər hər şeyi yeyərək həyatlarına qaldıqları yerdən davam edəcəklər.

Əlli il sonra

Körpülər baxımsızlıq üzündən korroziya, yəni paslanma nəticəsində dağılma və çökmə ilə üzləşəcək. Çürümə körpüləri dəstəkləyən və minlərlə ton yük daşıma qabiliyyətinə malik polad kabellərdə başlayacaq.

Yetmiş beş il sonra

75 il sonra artıq istifadə olunmayan avtomobillər yerləşdikləri yerin iqlimindən asılı olaraq müxtəlif sürətlə çürüyəcəklər. Quru iqlimdə olan avtomobillər daha uzun, rütubətdə isə daha qısa müddətdə.

Yüz əlli il sonra

150 il sonra köpəklərə nə olacaq? Qurd sürülərinin artan populyasiyası ilə qarışacaq, cütləşəcək və daha vəhşi növə çevriləcəklər. İnsanlar yoxa çıxdıqdan sonra ən sürətli dəyişiklik və təmizlənmə dənizlərdə baş verəcək. Dəniz canlılarını ovlamaq üçün heç kim qalmadığından populyasiya artacaq. Körpülərin dağılmasına səbəb olan korroziya bəşəriyyət yoxa çıxdıqdan 36 saat sonra su ilə dolmağa başlayan yeraltı tunellərdəki polad tirləri də toz halına gətirəcək.

İki yüz il sonra

Eyfel qülləsi çox dayanıqlı olsa da, dağılmaz deyil. Normalda korroziyadan qorunmaq üçün hər 6-7 ildən bir rənglənən bu konstruksiya diqqət edilmədikdə korroziyaya tab gətirməyəcək və çökəcək.

Beş yüz il sonra

Bəşəriyyət yox olandan 500 il sonra insan sivilizasiyasından heç bir struktur, ən azı müasir beton konstruksiyalar qalmayacaq. Romalılar tərəfindən kəşf edilən betonun orijinal forması salamat qalmağa davam edə bilər, amma daha sulu tərkibə malik müasir beton zamana boyun əyəcək.

Min il sonra

1000 il sonra insan sivilizasiyasının demək olar ki, bütün izləri silinmiş olacaq. Hər yerdə bitkilər, hər yerdə vəhşi təbiət. Beton, dəmir və poladdan əsər-əlamət qalmayacaq.

On min il sonra

10 000 il sonra beton, dəmir, polad, kağız, bir sözlə, hər şey çürüyəcək. Ancaq düşünməyin ki, insan tərəfindən yaradılan heç bir şey qalmayacaq.

10 min il sonraya qədər davam edəcəyi təxmin edilən üç struktur var: Böyük Çin Səddi, Giza piramidaları və Raşmor dağı barelyefi. Böyük Çin səddi daha uzun müddət yaşaya biləcək. Giza piramidaları qumla örtülənədək Yer üzünü bəzəməyə davam edəcək. Təəssüf ki, mühəndislik möcüzəsi adlandırılan Huver bəndi bu zamana qədər artıq dağılıb. Raşmor barelyefinin daha minlərlə il yer üzündə qalacağı proqnozlaşdırılır, çünki onun yeganə düşməni küləkdir.

Yeddi milyon iki yüz min il sonra

Raşmor barelyefi asteroid zərbəsi və ya güclü zəlzələ olmadan varlığını davam etdirəcək. PCB və dioksin kimi təhlükəli texnogen kimyəvi birləşmələr hələ də mövcud olacaq.

Dörd milyard beş yüz min il sonra

4.5 milyard ildən sonra ABŞ-da yarım milyon ton Uran-238 yarı ömrünü tamamlayacaq. Günəşdəki dəyişikliklərlə əlaqədar olaraq Yer kürəsi daha da istiləşməyə başlayacaq. Ən azı bir milyard il mikrob həyatı ilk dövrlərdəki kimi mövcud olmağa davam edəcək. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ