Süni intellekt dünyanı məhv edəcək? - Alimlərdən qorxunc XƏBƏRDARLIQ


Süni intellekt dünyanı məhv edəcək? Yoxsa insan öz ağlını könüllü şəkildə maşınlara təslim edir? Texnologiya insanı xilas edəcək, yoxsa tənbəlləşdirəcək? Dünyanın ən böyük alimləri, Nobel mükafatçıları və texnologiya nəhəngləri niyə narahatdır?

İndi bütün dünyanın qarşısını bu suallar kəsir.

Diqqət edək, bir neçə il əvvəl tələbə diplom işi yazmaq üçün aylarla kitabxanalarda vaxt keçirirdi. İndi ona cəmi bir neçə saniyə kifayət edir.

Bir zamanlar məqalə yazmaq, hüquqi sənəd hazırlamaq, proqram kodlaşdırmaq, hətta diaqnoz qoymaq üçün illərlə təcrübə lazım idi. Bu gün milyonlarla insan gündəlik həyatında ChatGPT, Gemini, Claude, Grok və DeepSeek kimi sistemlərdən istifadə edir.

Süni intellekt indi günümüzün reallığıdır.

Gerçəklik odur ki, bəşəriyyət elektrikdən, internetdən və smartfonlardan qaça bilmədiyi kimi, süni intellektdən də qaça bilməyəcək. Ancaq əsas sual başqadır, insan süni intellekti idarə edəcək, yoxsa süni intellekt insanı?

Daha doğrusu, insan öz ağlını, yaradıcılığını, təfəkkürünü və araşdırma qabiliyyətini könüllü şəkildə maşınlara təslim edəcəkmi?

Dünyanın ən ağıllı adamları niyə narahatdır?


Süni intellekt haqqında ən çox danışanlardan biri OpenAI şirkətinin rəhbəri Sam Altmandır. Onun fikrincə, AI elektrik enerjisi qədər fundamental texnologiyaya çevriləcək.

Google DeepMind şirkətinin rəhbəri və 2024-cü il Nobel mükafatı laureatı Demis Hassabis hesab edir ki, süni intellekt xərçəngdən tutmuş iqlim dəyişikliklərinə qədər bir çox qlobal problemin həllində dönüş nöqtəsi ola bilər. Amma texnologiya dünyasının ən nüfuzlu alimləri arasında narahatlıq da artır.

“Süni intellektin xaç atası” adlandırılan Geoffrey Hinton Google-dan ayrıldıqdan sonra bütün diqqətini bir məsələyə yönəltdi. “Süni intellekt insanlıq tarixində ilk dəfə özündən daha ağıllı sistemlər yaradır. Bu, ciddi təhlükədir” dedi.

Tarixçi və filosof Yuval Noah Harari isə hesab edir ki, insanlıq ilk dəfə olaraq özündən daha yaxşı qərarlar verə biləcək sistemlər yaradır: “Tarix boyu insanlar alət yaradırdı. İndi isə insanı əvəz edə biləcək intellekt yaradır”.

İlon Mask isə daha sərt danışır: “Süni intellekt nüvə silahından daha təhlükəli ola bilər”.

Bu fikirlər fantastika kimi səslənsə də, dünyanın ən böyük universitetlərində artıq AI təhlükələri ayrıca elm sahəsinə çevrilib.

Harvard, MIT, Stanford, Oksford və Kembric universitetlərində süni intellekt etikası, AI təhlükəsizliyi və superintellekt ssenariləri ilə bağlı yüzlərlə tədqiqat aparılır.

İnsan düşünməkdən imtina edir?

Ən böyük təhlükə robotların dünyanı işğal etməsi deyil. Ən böyük təhlükə insanın düşünmə qabiliyyətini itirməsidir. Harvard Universitetinin alimləri bunu “Cognitive Offloading” adlandırırlar. Başqa sözlə, insan beyninin müəyyən funksiyalarını texnologiyaya ötürməsi kimi qiymətləndirirlər.

Bir vaxtlar telefon nömrələrini əzbərləyirdik. Sonra yaddaşı telefona həvalə etdik.

Bu gün isə insanlar düşünməyi, analiz etməyi və qərar qəbul etməyi süni intellektə ötürməyə başlayırlar.

Stanford Universitetinin professorları xəbərdarlıq edir ki, süni intellekt məhsuldarlığı artırsa da, uzunmüddətli perspektivdə tənqidi düşünmə bacarıqlarını zəiflədə bilər.

MIT Media Lab isə bu prosesi “de-skilling” adlandırır. Bu o deməkdir ki, insan peşəkar qabiliyyətlərini tədricən itirir.

Bir vaxtlar yüzlərlə mənbə oxuyan tələbələr vardı…

20 il əvvəl elmi iş yazan tələbə kitabxanalarda aylarla araşdırma aparırdı. Onlarla müəllifin fikirlərini müqayisə edirdi. Yüzlərlə mənbə oxuyurdu. Nəticədə mövzuya hərtərəfli hakim olurdu.

İndi isə vəziyyət dəyişib. ChatGPT saniyələr ərzində lazım olan məlumatı təqdim edir. Əlbəttə ki, bu, böyük üstünlükdür, vaxta qənaətdir. Eyni zamanda təhlükədir. Nəticə kədərlidir, insan mövzu ilə bağlı geniş məlumat bazasına malik olmur. Təsəvvür edirsiniz, bəzən bir alim yazdığı məqalə haqqında süni intellektin özündən daha az məlumata sahib olur. Bu proses jurnalistikada, hüquqda, marketinqdə, proqramlaşdırmada, iqtisadiyyatda və hətta tibbdə belə müşahidə olunur.

Yaşlı nəsil niyə AI-dən daha yaxşı istifadə edir?

Paradoksal görünsə də, süni intellektdən ən yaxşı nəticəni çox vaxt yaşlı nəsil əldə edir. Səbəb sadədir, onlar bilikli və təcrübəlidirlər. Süni intellektin verdiyi cavablardakı boşluqları görürlər. Buna qane olmayıb mənbələri yoxlayırlar. Lazım gəldikdə dəyişikliklər edirlər.

Gənc nəsildə isə vəziyyət fərqlidir. Bir çox hallarda AI-nin təqdim etdiyi mətn son nəticə kimi qəbul edirlər. Dəyişiklik üçün bilik bazası kifayət etmir. Buraya tənbəllik amili də əlavə edilməlidir. İnsan araşdırmaq istəmirsə, süni intellekt onu daha da passivləşdirə bilər.

Yuval Noah Harari xəbərdarlıq edir: “Gələcəyin ən böyük problemi işsiz insanlarla yanaşı faydasız insan sinfinin yaranması ola bilər”.


Dünyanın ən böyük süni intellekt fabrikləri

Bir çoxları süni intellekti sadəcə proqram hesab edir. Yəin siz də belə düşünürsünüz. Əslində isə AI arxasında nəhəng sənaye dayanır.

Amerika Birləşmiş Ştatları

Texas

OpenAI, Oracle və SoftBank tərəfindən həyata keçirilən “Stargate” layihəsinin dəyəri 500 milyard dollara yaxın qiymətləndirilir.

Bu layihə tarixdə ən böyük AI infrastrukturu hesab edilir.

Tennessi

İlon Maskın xAI şirkətinin “Colossus” superkompüteri Memfis şəhərində yerləşir. Burada 200 minə yaxın NVIDIA prosessorunun işləyəcəyi gözlənilir.

Ayova və Luiziana

Meta şirkəti nəhəng məlumat mərkəzləri qurur.

Finlandiya

Google Avropanın ən böyük data mərkəzlərindən birini burada yaradıb.

Çin

Alibaba, Tencent və Baidu Pekin, Şanxay və Şençjen şəhərlərində böyük AI klasterləri formalaşdırır.

Yenə əvvəlki məsələyə qayıdaq, sizcə süni intellekt necə işləyir? Əslində ChatGPT və digər sistemlər “düşünmür”. Onlar trilyonlarla məlumat üzərində təlim keçmiş böyük dil modelləridir (LLM). Milyardlarla parametrdən ibarət neyron şəbəkələri ehtimallara əsaslanaraq növbəti sözü təxmin edir. Bunun üçün minlərlə qrafik prosessor eyni vaxtda işləyir. Təbii ki, bu, böyük enerji tələb edir.

Süni intellekt adamdan çox su içir

Bəlkə də ən maraqlı məsələ budur. Serverlər həddindən artıq qızır. Onları soyutmaq üçün böyük həcmdə su istifadə edilir. Hətta Norveçdə pilot layihə kimi bu sudan evlərin qızdırılmasında istifadə edilir.

Kaliforniya Universitetinin araşdırmalarına görə, ChatGPT ilə 50 sorğu aparılması təxminən yarım litr su sərfiyyatı yaradır.

Google-un məlumat mərkəzləri ildə 20 milyard litrədək su istifadə edir. Microsoft-un su istehlakı son illərdə 30 faizdən çox artıb. 2030-cu ilə qədər AI sənayesinin enerji tələbatının bəzi ölkələrin ümumi enerji istehlakına yaxınlaşacağı proqnozlaşdırılır.


Süni intellekt iş yerlərini məhv edəcək?

Goldman Sachs hesab edir ki, 300 milyon iş yeri AI transformasiyasına məruz qala bilər.

Beynəlxalq Valyuta Fondu isə süni intellektin dünya üzrə işlərin 40 faizinin təsirlənəcəyini bildirir.

Amma Dünya İqtisadi Forumu başqa mənzərə göstərir. 2030-cu ilə qədər 100 minlərlə peşə yox olacaq. Əvəzində daha çox yeni peşə yaranacaq.

Bütün bunlardan çıxış edərək deyə bilərik ki, texnologiyalar işləri yox etmir. Bunu tarix də göstərir. Sadəcə peşələri dəyişir. Burada əsas problem uyğunlaşa bilməməkdir.

Azərbaycan bu yarışda haradadır?

Görünən odur ki, Azərbaycan hələ AI yarışının əvvəlindədir. Ölkədə süni intellekt strategiyası formalaşır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya Agentliyi və ADA Universitetində bu istiqamətdə layihələr həyata keçirilir.

Ancaq Azərbaycanın ən böyük problemi texnologiya deyil, insan kapitalıdır. Çünki süni intellekt dövründə əsas sərvət neft, qaz və torpaq olmayacaq. Əsas sərvət bilik, oxuyan insan olacaq. Analitik qabiliyyəti, yaradıcılığı olan insan olacaq.

Beləcə, son qənaət budur ki, süni intellekt dünyanı məhv etməyəcək. Amma düşünməyi dayandıran, araşdırmayan, öyrənməyən və bütün qərarlarını maşınlara həvalə edən insan öz gələcəyini məhv edə bilər. Tarix boyu insanlığı məhv edən texnologiyalar olmayıb, texnologiyadan necə istifadə edən insanlar olub.

O zaman süni intellekt dünyanı məhv edəcəkmi? sualının cavabı hər insanın özündədir. /modern.az/


MANŞET XƏBƏRLƏRİ