Mobil telefonunuz izlənilə bilər - Casus proqramını necə aşkar etmək olar?


Telefonlarda yazışmalar, şəkillər, bank tətbiqləri, iş mesajları və digər məxfi məlumatlar saxlanılır. Məhz buna görə də telefonda casus proqramın olması ciddi təhlükə yaradır. Belə proqramlar istifadəçidən xəbərsiz məlumat ötürə, kamera və mikrofonu aktivləşdirə, geolokasiyanı izləyə bilər.

Bəs telefonda casus proqramın olub-olmadığını necə anlamaq olar və belə hallarda Android və iPhone istifadəçiləri nə etməlidir?

Turkustan.az xəbər verir ki, casus proqramlar adətən adi tətbiqlər kimi gizlədilir və arxa planda işləyərək məlumat toplayır.

Onlar çox vaxt fişinq linkləri, saxta tətbiqlər, şübhəli yeniləmələr və ya yanlış istifadə edilən “valideyn nəzarəti” və uzaqdan idarəetmə proqramları vasitəsilə telefona daxil olur. Aşağıdakı əlamətlər təkbaşına hər zaman təhlükə demək olmasa da, bir neçəsi eyni vaxtda müşahidə olunursa, diqqətli olmaq lazımdır.

Batareya tez boşalır

Telefon istifadə edilmədiyi halda belə batareyanın sürətlə azalması arxa planda işləyən şübhəli proqramdan xəbər verə bilər.

Telefon səbəbsiz yerə qızır

Ekran bağlı olsa belə cihazın qızması casus proqramın aktiv işlədiyini göstərə bilər.

Tanımadığınız tətbiqlər peyda olur

Özünüz quraşdırmadığınız “Sistem xidmətləri”, “Yeniləmə” və ya “Cihaz meneceri” adlı tətbiqlər təhlükə siqnalı ola bilər.

Mobil internet sürətlə tükənir

Ayarlar bölməsində hansı tətbiqlərin internetdən daha çox istifadə etdiyini yoxlamaq mümkündür. Tanımadığınız proqram böyük həcmdə trafik sərf edirsə, bu şübhəlidir.

Zəng zamanı qəribə səslər eşidilir

Əgər rabitə ilə bağlı texniki problem yoxdursa, lakin zəng zamanı xışıltı, gecikmə və ya əks-səda eşidilirsə, bu dinləmə ehtimalını artırır.

Telefon öz-özünə davranış dəyişir

Telefonun səbəbsiz yenidən başladılması, ayarların dəyişməsi, mesajların silinməsi və ya oxunmuş kimi görünməsi müdaxilə əlaməti ola bilər.

Hesablarla bağlı xəbərdaredici işarələr

Apple ID və ya Google hesabında tanımadığınız cihazlar görünür

Bu halda dərhal təhlükəsizlik tədbirləri görülməlidir.

Naməlum IP ünvanlardan giriş bildirişləri gəlir

Bu cür xəbərdarlıqları laqeyd yanaşmaq olmaz.

Kamera və ya mikrofon öz-özünə aktivləşir

“iPhone”də bu zaman ekranda yaşıl (kamera) və ya narıncı (mikrofon) indikator yanır. İstifadəçi icazəsi olmadan bu baş verirsə, risk mövcuddur.

iPhone-da MDM profili quraşdırılıb

MDM (Mobile Device Management) uzaqdan nəzarət üçün istifadə olunur. Əgər bu profil siz tərəfindən quraşdırılmayıbsa, telefon izlənilə bilər.

Casus proqramlardan necə xilas olmaq olar?

İlk növbədə şübhəli tətbiqlərin fəaliyyətini məhdudlaşdırmaq tövsiyə olunur:

Tətbiqlərin icazələrini yoxlayın və kamera, mikrofon, geolokasiya, SMS və yaddaşa çıxışı məhdudlaşdırın; tanımadığınız tətbiqləri silin; Androiddə “Cihaz administratoru” bölməsini yoxlayın və sizə aid olmayan icazələri deaktiv edin; ən çox batareya sərf edən tətbiqləri analiz edin; bütün əsas hesabların parollarını dəyişin.

Android telefonlarda casus proqramların silinməsi

Android sistemi daha açıq olduğuna görə zərərli proqramlara daha tez-tez rast gəlinir:

Telefonu təhlükəsiz rejimdə işə salın və şübhəli tətbiqləri silin; əl ilə quraşdırılmış proqramların siyahısını diqqətlə yoxlayın; kamera, mikrofon və geolokasiya icazələrini yenidən nəzərdən keçirin; Google Play-dən kənar tətbiq quraşdırılmasını deaktiv edin; etibarlı antivirus proqramı ilə yoxlama aparın.

Əgər təhlükə dərin səviyyədədirsə, telefonun tam sıfırlanması tövsiyə olunur. Bu zaman əvvəlcədən təmiz ehtiyat nüsxə yaradılmalıdır.

iPhone-da casus proqramlardan qorunma yolları

iOS-da zərərli proqramlar daha nadir hallarda rast gəlinir, lakin MDM və fişinq yolu ilə risk yarana bilər:

“Ayarlar” – “Ümumi” – “VPN və cihazın idarə edilməsi” bölməsində naməlum profilləri silin;

“Məxfilik və təhlükəsizlik” bölməsində tətbiq icazələrini yoxlayın;

Apple ID-də bağlı olan cihazları nəzarətdən keçirin və şübhəliləri silin, məxfilik ayarlarını sıfırlayın.

Son çıxış yolu kimi “iPhone”nin tam sıfırlanması və yalnız təhlükəsiz ehtiyat nüsxədən bərpası məsləhət görülür./lent.az


MANŞET XƏBƏRLƏRİ