MİT rəisi Kalın HƏMAS nümayəndə heyəti ilə görüşdü


Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) direktoru İbrahim Kalın bu gün İstanbulda HƏMAS-ın Siyasi Bürosunun danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil Hayye və onu müşayiət edən HƏMAS nümayəndə heyəti ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, “Qəzza atəşkəs razılaşması” çərçivəsində baş tutan görüşdə HƏMAS nümayəndələri atəşkəs şərtlərinə əməl etdiklərini bildirərək, İsrail tərəfinin yol verdiyi pozuntular barədə məlumat veriblər.

Görüş zamanı Türkiyənin Qəzzada atəşkəsin təmin olunması üçün qarant ölkə kimi göstərdiyi intensiv diplomatik səylər müzakirə edilib. Eyni zamanda, İsrailin atəşkəs pozuntularının qarşısının alınması üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Qəzza Sülh Planının ikinci mərhələsinə keçid üçün zəruri şəraitin yaradılması, mövcud problemlərin aradan qaldırılması və bu istiqamətdə mümkün həll yollarını müzakirə ediblər.

Görüşdə Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardım məsələsinə də toxunulub. Xüsusilə çadırlar da daxil olmaqla, humanitar yardımların artırılması üçün regional ölkələr və beynəlxalq təşkilatlarla aparılan səylər diqqətə çatdırılıb.

Sonda hər iki nümayəndə heyəti Fələstin milli barışığının təmin olunması və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə sadiq olduqlarını bir daha bəyan ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ