Rusiyanın Tuva Respublikasının paytaxtı Kızılda bayram günlərində alkoqollu içkilərin satışı tamamilə qadağan edilir.
Turkustan.az xəbər verir ki, qərar cəmiyyətdə SSRİ-nin son illərində Mixail Qorbaçovun tətbiq etdiyi sərt anti-alkoqol kampaniyasını yenidən xatırladıb.
Şəhər meriyasının məlumatına əsasən, qadağa bütün ticarət obyektlərinə, o cümlədən pivə satışına şamil olunur. Hakimiyyət eyni zamanda ictimai iaşə müəssisələrinə bayram tədbirləri dövründə alkoqollu və spirt tərkibli məhsulları, eləcə də onların əsasında hazırlanan içkiləri satışdan çıxarmağı tövsiyə edib.
Qısa xatırlatma: 1985–1987-ci illərdə Mixail Qorbaçovun başlatdığı anti-alkoqol kampaniyası çərçivəsində SSRİ-də içki istehsalı və satışı kəskin məhdudlaşdırılmış, üzüm bağlarının bir hissəsi məhv edilmiş, bu isə həm büdcə gəlirlərinin azalmasına, həm də kölgə bazarının genişlənməsinə səbəb olmuşdu.
Rəsmi açıqlamaya görə, Kızıldəki indiki qadağa ictimai asayişin qorunması və vətəndaşların həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır./Musavat.com