Ən uzun və ən qısa oruc tutulan ölkələr


Bu gündən etibarən müqəddəs Ramazan ayı başlayıb.

Turkustan.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, müsəlmanların bu ayda tutduğu orucun müddəti ölkələrin coğrafi mövqeyi və gün uzunluğundan asılı olaraq dəyişir.

Bu il oruc müddətinin dünya üzrə orta hesabla 12 saatdan 15 saata qədər olacağı bildirilir.

Səudiyyə Ərəbistanı mərkəzli Dünya İslam Birliyi paytaxt şəhərləri əsas götürərək hesablamalar aparıb. Həmin hesablamalara görə, Ramazanın ilk günündə ən qısa oruc Finlandiyada tutulacaq. Bu ölkədə müsəlmanlar 11 saat 53 dəqiqə oruc tutacaqlar.

Digər ölkələrdə isə oruc müddəti belə olacaq:

İngiltərə – 12 saat 8 dəqiqə

Türkiyə – 12 saat 23 dəqiqə

İspaniya – 12 saat 23 dəqiqə

ABŞ – 12 saat 25 dəqiqə

Yaponiya – 12 saat 27 dəqiqə

Pakistan – 12 saat 30 dəqiqə

Səudiyyə Ərəbistanı – 12 saat 42 dəqiqə

İndoneziya – 13 saat 28 dəqiqə

Braziliya – 13 saat 47 dəqiqə

Cənubi Afrika Respublikası – 14 saat 13 dəqiqə

Beləliklə, siyahıya əsasən ən qısa oruc Finlandiyada, ən uzun oruc isə İslandiya və Qrenlandiyada olacaq

Hesablamalara görə, Ramazanın son günündə ən uzun oruc İslandiyanın paytaxtı Reykyavik və Qrenlandiyanın Nuuk şəhərində qeydə alınacaq. Bu şəhərlərdə müsəlmanlar 15 saat 3 dəqiqə oruc tutacaqlar.

Yeni Zelandiyanın Krayst-çörç şəhərində isə Ramazanın əvvəlində 15 saat 22 dəqiqə olan oruc müddəti ayın sonuna doğru azalaraq 13 saat 46 dəqiqəyə enəcək.

Oruç müddətləri yarımkürələrə görə fərqlənir

Mütəxəssislərin məlumatına görə, şimal yarımkürəsində Ramazanın ilk günlərində oruc müddəti təxminən 12–13 saat təşkil edir və ay irəlilədikcə günlərin uzanması ucbatından bu müddət artır. Cənub yarımkürəsində isə yay mövsümü davam etdiyi üçün ilk günlərdə oruc müddəti daha uzun olur, lakin ay boyunca tədricən qısalır.

Ekspertlər bildirirlər ki, hicri təqvimin xüsusiyyətlərinə görə Ramazan hər il təxminən 10-12 gün daha erkən başlayır. Bu səbəbdən oruc müddəti illər üzrə dəyişir və 2031-ci ilə qədər şimal yarımkürəsində daha da qısalacağı, sonrakı illərdə isə yenidən uzanacağı gözlənilir.

Azərbaycana gəlincə isə, bu il ölkəmizdə müddəti şəhərə və günə görə bir qədər dəyişir. Paytaxt Bakı üçün təxmini göstəricilər belədir:

Ramazanın ilk günü: təxminən 12 saat 45 dəqiqə – 12 saat 55 dəqiqə

Ramazanın ortalarında: təxminən 13 saat 10 dəqiqə

Ramazanın son günlərində: təxminən 13 saat 30 dəqiqəyə qədər

Ramazan ayı irəlilədikcə günlər uzandığı üçün oruc müddəti də hər gün orta hesabla 2-3 dəqiqə artır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ