Cənnətin kainatda real və fiziki məkanda ola biləcəyi ilə bağlı iddialar meydana gəlib.
Keçmiş “Harvard” Universiteti fizika professoru və elm kommunikasiyası üzrə mütəxəssis Maykl Qilyen cənnətin sadəcə dini və metafizik anlayış deyil, kainatda real və fiziki bir məkan ola biləcəyi ilə bağlı iddia irəli sürüb. Qilyen bildirib ki, insan ruhunun ən böyük həsrəti kimi təqdim olunan cənnət kainatın müəyyən bir nöqtəsində mövcud ola bilər.
O, müasir kosmologiya və Albert Eynşteyn tərəfindən irəli sürülən nisbilik nəzəriyyəsinə istinad edərək qeyd edib ki, kainatın görünən sərhədlərindən kənarda zaman anlayışı öz mənasını itirə bilər. Onun sözlərinə görə, həmin “zamansızlıq” mühitində keçmiş, indi və gələcək anlayışları aradan qalxır. Alimin iddiasına əsasən, cənnət məhz bu zamansızlıq daxilində insan gözü və mövcud texnologiyalar üçün əlçatmaz, lakin fiziki olaraq real olan bir məkanda yerləşə bilər.
Qilyen hətta bu bölgənin Yerdən təxminən 439 kvadrilyon kilometr uzaqlıqda, “sirli üfüq” adlandırdığı sərhəddən kənarda yerləşə biləcəyini irəli sürüb. Lakin bu nəzəriyyə elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb. ABŞ-nin “Connecticut College” universitetinin astronomiya professoru Aleks Gianninas bildirib ki, görünən üfüq fiziki bir məkan deyil, sadəcə olaraq müşahidə edilə bilən kainatın sərhədini ifadə edən anlayışdır. Onun sözlərinə görə, bu sərhədin kənarında konkret bir obyekt və ya məkanın yerləşdiyini iddia etmək elmi əsaslara söykənmir.
Alimlər bildirir ki, kainatın strukturu və sərhədləri ilə bağlı araşdırmalar davam edir və bu kimi iddialar daha çox fəlsəfi və teoloji müstəvidə müzakirə olunur. Buna baxmayaraq, Qilyenın irəli sürdüyü fikir elm və din münasibətləri kontekstində yeni debatlara səbəb olub.**Sfera.az