Bağırov oğlunun Azərbaycanda dəfnini niyə istəməyib? – Maraqlı detal


“İkinci dünya müharibəsinin unudulmuş qəhrəmanı Cahangir (Vladimir) Mircəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olub. Moskva Dövlət Universitetinin Beynəlxalq fakültəsini və Yeisk Hərbi Aviasiya Pilotlar Məktəbini bitirib. 1938-ci ildə İspaniyada baş verən hadisələr fonunda universiteti tərk edərək xidmətə gedib”.

Turkustan.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

Tarixçinin sözlərinə görə, o, İspaniyaya könüllü kimi göndərilmək üçün ərizə ilə müraciət edib:

“Cahangir Daşkənd Hərbi Məktəbində kurslara göndərilir. Cahangir Bağırov döyüşün ilk günlərindən qırıcı təyyarəçi kimi Moskva yaxınlığındakı hava döyüşlərində iştirak edib. 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən döyüşə gedib. Ona yaralı olan zaman təklif edirlər ki, Müdafiə Nazirliyində vəzifə var, ora təyinatını versinlər. Lakin o, “hərbi komissar olmaqdansa, qanadlı döyüşçü olmaq yaxşıdır” deyir və yenidən cəbhə bölgəsinə qayıdır. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Bağırovun həyatını tədqiq edən Adıgözəl Məmmədov yazır ki, “SSRİ Ali Sovetinin fərmanı ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verilsə də, atası Mir Cəfər Bağırov buna etiraz etmiş və oğlunun “Lenin” ordeni ilə təltif olunmasına etiraz etməyib”.

Zaur Əliyev deyib ki, Mir Cəfər Bağırov həm də Cahangirin cənazəsinin Azərbaycana gətirilməsinə etiraz edib:

“Oğlum digər döyüşçülərdən nə ilə fərqlənir?” deyən Bağırovun hətta bu təltifi irəli sürən Mixail Kalinin ilə münaqişə yaşadığı da söylənilir. Lakin onun cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilir. Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. O isə “baxarıq” cavabın verir, lakin oğlunu Yasamal məzarlığında dəfn edir. 1956-cı ildə Mir Cəfər Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən xahişi olur: oğlu Cahangirin qəbrini ziyarət etmək. O, qəbiristanlığa gedir, oğlunun məzarı ilə 1 saat 26 dəqiqə danışır və həbsə gedir. Cahangir Bağırovun qəbri anası Mariya xanımın qəbrinin yanındadır…”/Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ