Qarşısının alınması mümkün olsa da, siqaret bu gün dünyada ən geniş yayılmış və ölümcül ictimai sağlamlıq problemlərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər gün təxminən 14 min insan, hər il isə 5,5 milyon insan siqaretlə əlaqəli xəstəliklərdən ölür. Mütəxəssislər bu rəqəmin 2030-cu ilə qədər ildə 8,5 milyona çatacağını proqnozlaşdırırlar.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, sinə xəstəlikləri mütəxəssisi, tanınmış həkim Fadime Tülücü mövzu ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O, siqaretin tərkibində yeddi mindən çox kimyəvi maddə olduğunu və bunlardan ən az 81-nin xərçəngə səbəb olduğunu qeyd edib. Həkim əlavə edib ki, siqaret başda ağciyərlər olmaqla bütün orqanlara qalıcı zərər verir, KOAH, ağciyər xərçəngi, ürək-damar xəstəlikləri kimi bir çox ciddi sağlamlıq problemlərinə səbəb olur. Həmçinin damarları daraldaraq infarkt riskini artırır və immunitet sistemini zəiflədərək orqanizmi infeksiyalara qarşı həssas hala gətirir.
Tülücü vurğulayıb ki, passiv siqaret çəkmə aktiv siqaret qədər təhlükəlidir.
Bəs bu nə deməkdir?
Mütəxəssis xüsusilə siqaret çəkən valideynlərin uşaqlarında bronxit, pnevmoniya, astma kimi tənəffüs yolu xəstəliklərinə daha çox rast gəlindiyinə diqqət çəkib. O qeyd edib ki, bu vəziyyət uşaqlarda ağciyər inkişafını ləngidə və ağciyər tutumunun azalmasına səbəb ola bilər.
Passiv tüstüyə məruz qalan böyüklərdə ağciyər xərçəngi riskinin yüzdə 21, ürək-damar xəstəlikləri riskinin yüzdə 27 artdığını vurğulayan Tülücü bildirib ki, bu məruzqalma uzun illər davam edərsə, risk nisbətləri də iki dəfə arta bilər.
Həkim qadınlarda passiv siqaret çəkmə səbəbindən süd vəzi xərçəngi riskinin yüzdə 70, ümumi ölüm riskinin isə 2-10 dəfə artdığını bildirib. /Musavat.com/