Süni intellektlə film çəkə bilərsiniz - YENİLİK


İngiltərədə fəaliyyət göstərən “Deep Fusion” film şirkətinin Yaradıcı Süni İntellekt rəhbəri Darkin, Almaniyanın paytaxtı Berlində keçirilən “GITEX Europe 2025” texnologiya sərgisində verdiyi açıqlamada süni intellektin kino sənayesində yaratdığı dönüşümlərdən danışıb.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, 20 ildən çoxdur vizual effektlər üzərində çalışan Darkin, süni intellektin film istehsal prosesini kökündən dəyişdirdiyini deyib. Xüsusilə “deepfake” texnologiyasına olan marağın sürətlə artdığını bildirən mütəxəssis, bu texnologiyanın həm müsbət, həm də mənfi tərəflərinin olduğunu vurğulayıb:

“İnsanlar “deepfake”-ə mənfi yanaşır, çünki bu texnologiya pis niyyətlə istifadə edilə bilər. Lakin faydalı tərəfləri də var. Məsələn, bir kaskadyorun çəkildiyi səhnədə onun üzünü orijinal aktyorla əvəz etsəniz, bu həm təhlükəsizlik, həm də vizual baxımdan uğurlu nəticələr verir”.

Darkin həmçinin bildirib ki, “deepfake” vasitəsilə tarixi şəxsiyyətlər canlandırıla, hətta vəfat etmiş şəxslərlə sanki canlı müsahibə formatında videolar hazırlanaraq səs yazısı ilə birləşdirilə bilər.

“Deepfake” məzmunun etik sərhədlər çərçivəsində hazırlanmasının zəruriliyini qeyd edən Darkin, belə videoların izləyiciyə əvvəlcədən “deepfake” olduğu barədə məlumat verilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, süni intellektlə hazırlanmış məzmunun gerçək olub-olmadığını ayırd etmək çətinləşdiyindən, etik normalara riayət olunması və texnologiyanın təhlükəsiz istifadəsi üçün qaydaların müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Darkin əlavə edib ki, süni zəka film sənayesində daha yüksək keyfiyyətli vizual effektlər yaratmağa imkan verir. Aktyorların yaşının dəyişdirilməsi, hətta keçmişdə yaşamış aktyorların yeni filmlərdə canlandırılması bu texnologiyanın real tətbiqləri arasındadır.

Süni intellektlə hər kəsin Hollivud standartlarında filmlər çəkə biləcəyini bildirən Darkin, gələcəkdə ssenarinin yazılmasından aktyor seçiminə, geyim dizaynından effektlərə qədər hər şeyin süni intellekt vasitəsilə ev şəraitində həyata keçiriləcəyini bildirib. /Sfera.az/


MANŞET XƏBƏRLƏRİ