Kiyev meri Vitali Kliçko ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında növbəti qarşıdurma yaranıb.
Turkustan.az xəbər verir ki, məlumatı Britaniyanın nüfuzlu “Tayms” nəşri yazıb.
Qeyd olunub ki, Kliçko Zelenskini avtoritar üsullarla işləməkdə ittiham edir.
Onun sözlərinə görə, Kiyev şəhər şurasının fəaliyyəti prezidentin göstərişi ilə keçirilən reydlər, dindirilmələr və saxta ittihamlarla açılan cinayət işləri səbəbilə iflic vəziyyətinə düşüb.
Merin iddiasına görə, bir çox şəhər rəhbərləri də ciddi təzyiqlərlə üz-üzədir.
“Bu, müharibə pərdəsi altında demokratik institutların və prinsiplərin aradan qaldırılmasıdır. Bir dəfə demişdim ki, ölkədə avtoritarizm qoxusu gəlir. İndi isə artıq iylənir”, – deyə Kliçko sərt şəkildə bildirib.
Nəşr yazır ki, əvvəllər ağır çəkidə peşəkar boksçu olmuş Kliçko indi siyasi güc uğrunda mübarizə aparır. Qeyd olunub ki, prezident Zelenski onun səlahiyyətlərini məhdudlaşdırmaqla nəzarəti əlində cəmləməyə çalışır.
Xatırladaq ki, bir müddət əvvəl Kliçko Ukrayna hakimiyyətini Kiyev administrasiyasının məmurlarını izləməkdə də ittiham edib. /axar.az/