Husilər Səudiyyə Ərəbistanına 10 raket atdı: Hamısı məhv edildi


Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarının Səudiyyə Ərəbistanının cənubuna atdığı 10 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilərək məhv edildiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası bəyanat yayaraq Husi üsyançılarının ölkənin cənubuna 10 ballistik raket atdığını açıqlayıb.

Bəyanatda raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən havada ələ keçirilərək məhv edildiyi qeyd olunub.

Bundan əlavə, Husilərin Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərinə atdığı kruiz raketinin də havada zərərsizləşdirildiyi bildirilib.

Yəməndə 2014-cü ilin sentyabrından, İranın dəstəklədiyi Husi üsyançılarının paytaxt Səna və bir sıra əyalətlərə nəzarəti ələ keçirməsindən sonra vətəndaş müharibəsi davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyir.

Son dövrlərdə hökumət qüvvələri ilə Husilər arasında toqquşmaların şiddətləndiyi bildirilir. Husilər isə Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alır, bu hücumları özlərinə qarşı həyata keçirilən əməliyyatlarla əlaqələndirirlər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ