Orduya hazırlıq əmri verildi: 1000 günə müharibə başlaya bilər


Böyük Britaniyanın müdafiə rəsmilərindən Ues Stritinq ölkənin hərbi təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb. O bildirib ki, Birləşmiş Krallıq qarşıdakı 1000 gün ərzində hərbi qarşıdurmalara və genişmiqyaslı müharibəyə hazır olmalıdır.

Stritinq qeyd edib ki, ölkənin potensial düşmənləri hərbi imkanlarını son dərəcə sürətlə artırırlar:

“2030-cu ilə qədər silahlı qüvvələrinin ölçüsü və hərbi iqtisadiyyatlarının miqyasının onlara hücum əməliyyatlarına başlamağa imkan verə bilər”, – deyə o bildirib.

Müdafiə rəsmisi təhlükənin təkcə ənənəvi hərbi qüvvələrdən, məsələn, Rusiya tanklarından deyil, həm də kiberhücumlar, təxribatlar və dövlət terrorizmindən qaynaqlandığını vurğulayaraq qabaqlayıcı tədbirlərin görülməsinə çağırıb. O, Leyboristlər hökumətinin Soyuq Müharibənin sonundan bəri müdafiə xərclərində ən əhəmiyyətli və davamlı artımı təmin etdiyini xatırladıb.

Qeyd edək ki, bundan əvvəl Endi Börnemin kabineti vətəndaşları düşmən dövlətlərin yarada biləcəyi fövqəladə hallara hazır olmağa çağıran “Hazır ol” kampaniyasına başlayıb.

Kampaniya çərçivəsində sakinlərə üç günlük ərzaq və su ehtiyatı, ilk yardım dəsti, dərmanlar, fənər və batareyalı FM radio təmin etmələri tövsiyə olunub. Ues Stritinq bu tədbirlərin Rusiya və digər düşmən qüvvələrdən gələn terror təhdidlərinə qarşı zəruri olduğunu izah edib.

Analitiklər isə hesab edirlər ki, Qərb rəsmilərinin bu cür bəyanatları cəmiyyəti “Rusiya təhdidi” ətrafında səfərbər etmək məqsədi daşıyır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ