7 maydan bəri İcevandakı keçmiş univermaq binasının 2-ci mərtəbəsində fəaliyyət göstərən "IJ Grand Textile" şirkətinin hindistanlı işçiləri etiraz aksiyaları keçirirlər.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Onların yaydığı videoda polisin kobud müdaxiləsi və bunun nəticəsində bəzilərinin xəsarət aldığı da görünür. Hətta polis aksiyaçılardan birini “vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə” ittihamı ilə saxlayıb.
Hindistanlı işçilərin etirazına səbəb 11 saatlıq iş rejimi, ağır şərtlər, aşağı maaş, üstəlik, iş vaxtı telefonlarının əlindən alınmasıdır.
Bildirilir ki, bu tikiş şirkətində 170 hindli çalışır. Onlar 3,5 ildir Ermənistana yerləşiblər. 11 saatlıq işə baxmayaraq, cəmi 450 dollar maaş alıblar. Hindistan səfirinin İcevana səfərindən və danışıqlardan sonra onların maaşı 500 dollara qaldırılıb, həftəlik isə 20 dollar yemək kuponu verilir.
Buna baxmayaraq, 11 saatlıq iş rejimi davam edir, onların telefonla danışması və istirahəti üçün heç bir şərait yoxdur.