Ali təhsil müəssisələrinə qəbul prosesi yaxınlaşdıqca ixtisas qrupları üzrə rəqabət və keçid balları ilə bağlı müzakirələr də artır. Xüsusilə birinci ixtisas qrupunda bəzi istiqamətlər üzrə marağın daha yüksək olduğu müşahidə edilir.
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsat Əzizov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə statistikasına nəzər saldıqda görürük ki, hər il olduğu kimi bu il də birinci ixtisas qrupu üzrə müraciət edən abituriyentlərin sayı daha çoxdur:

"Təxminən 33 min 500 abituriyent birinci ixtisas qrupu üzrə sənəd qəbulunda iştirak edib. Bu qrup daxilində isə riyaziyyat-kimya (RK) alt qrupu üstünlük təşkil edir. Bunun əsas səbəbi həmin alt qrup üzrə ixtisasların sayının daha çox olmasıdır.
İnformatika alt qrupunda isə ixtisas sayı nisbətən az olsa da, bu istiqamətlər daha perspektivli hesab olunur. İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri və kompüter mühəndisliyi kimi ixtisaslar abituriyentlər tərəfindən daha çox seçilir. Nəticədə, informatika alt qrupu üzrə keçid balları da daha yüksək olur. Burada həm plan yerlərinin məhdud olması, həm də ixtisasların əmək bazarında daha çox tələbat görməsi əsas rol oynayır.
Keçən il ixtisas seçimi mərhələsində birinci ixtisas qrupunda müəyyən qədər boş qalan yerlər müşahidə olunmuşdu. Bu, onunla bağlıdır ki, birinci qrup üzrə sənəd verənlərin sayı çox olsa da, blok imtahanlarında fizika, riyaziyyat, kimya və informatika kimi texniki fənlər üstünlük təşkil etdiyindən nəticələr nisbətən zəif olur. Məsələn, informatika alt qrupu üzrə blok imtahanında 100 bal həddini keçə bilməyən abituriyentlər birinci qrup üzrə ixtisas seçimi edə bilmirlər.
Kimya alt qrupunda isə blok imtahanında 50-100 arası bal toplayan abituriyentlər artıq 150 ballıq ixtisasları seçə bilirlər. Bu səbəbdən də həmin istiqamətlər üzrə keçid balları daha aşağı olur və bəzi regionlarda 150-200 bal aralığında qəbul imkanı yaranır".
Digər tərəfdən, blok imtahanlarında zəif nəticə göstərən abituriyentlər məcburən kənd təsərrüfatı yönümlü ixtisaslara üz tuturlar:
"Aqromühəndislik, meliorasiya, aqronomluq və digər bu kimi ixtisaslarda keçid ballarının aşağı olmasının əsas səbəblərindən biri də budur. Həmin ixtisaslara marağı artırmaq məqsədilə bəzi ali təhsil müəssisələri əlavə təqaüd proqramları tətbiq edirlər.
Hesab edirəm ki, bu istiqamətdə dövlət səviyyəsində də əlavə addımlar atılmalıdır. Yüksək bal toplayan abituriyentlərin kənd təsərrüfatı yönümlü ixtisaslara cəlb olunması vacibdir. Çünki gələcəkdə qida və ərzaq təhlükəsizliyi məsələləri daha аktual ola bilər. Bu baxımdan, həmin sahələr üzrə daha hazırlıqlı və yüksək nəticə göstərən gənclərin yetişdirilməsi önəmlidir.
Eyni zamanda, bəzi ali təhsil müəssisələri beynəlxalq əməkdaşlıq çərçivəsində ikili diplom proqramları həyata keçirirlər. Bu proqramlar tələbələrin dünya təcrübəsindən faydalanmasına və daha peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.”