Ürək tutmasından sonra tez sağalmaq üçün: YENİ ÜSUL


ABŞ-də yerləşən Yel Universiteti Tibb Məktəbinin tədqiqatçıları ürək tutması zamanı neytrofillərin ürək əzələlərinə vurduğu zərər riskini azaltmaq üçün bir üsul təklif ediblər.

Metod bu immun hüceyrələrini "gecə rejiminə" keçirməyi əhatə edir.

Turkustan.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Experimental Medicine" jurnalında dərc edilib.

Məlumata görə, neytrofillər zədələnməyə ilk reaksiya verən, mikrobları məhv edən və sağalmanı başladır. Bununla belə, onlar təhlükəli kimyəvi maddələri buraxaraq sağlam hüceyrələrə də zərər verə bilərlər.

Onların fəaliyyəti daxili bioloji saat tərəfindən idarə olunur: gün ərzində neytrofillər aktiv və aqressiv olurlar, lakin gecə daha sakit olurlar. Bu ritm səhər ürək tutmalarının gecə tutmalarından daha təhlükəli olmasını izah edir.

Yeni tədqiqatda alimlər ATI2341 dərmanından istifadə edərək onun siçanlara təsirini sınaqdan keçiriblər. O, neytrofil reseptor aktivatoru kimi çıxış edir və onları hətta gün ərzində daha sakit, gecə vəziyyətinə keçirməyə qadirdir. Ürək tutmasından sonra dərmana məruz qalan heyvanlarda ürək zədələnməsi daha az olub, əzələ funksiyası isə yaxşılaşıb.

Dərmanın təsir mexanizmi belədir: neytrofillər təsirlənmiş nahiyənin mərkəzinə yaxınlaşır və sağlam hüceyrələrə zərər vurma ehtimalını azaldır. İmmunitet qorunub və siçanlar infeksiyalarla effektiv mübarizə aparmaq qabiliyyətlərini qoruyub saxlayıblar.

Tədqiqat müəllifləri bildirir ki, neytrofillərin gecə vəziyyətinə keçirilməsi infarktdan sonra iltihabın təhlükəsiz şəkildə idarə olunmasına imkan verir və immun sistemini zəiflətmədən ürəyi qoruya bilən dərmanların hazırlanmasına kömək edir.

Alimlər tədqiqatı insan könüllülərini də əhatə etmək üçün daha da genişləndirməyi planlaşdırırlar.

Xatırladaq ki, Yel Universiteti Tibb Məktəbi dünya üzrə tanınmış, yüksək reytinqli təhsil müəssisəsidir. Ttibb sahəsində tədris, tədqiqat və klinik xidmətlər təklif edir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ