Valideynin əsas istəklərindən biri övladının daha yaxşı təhsil almasıdır. Bunun üçün isə məktəb və liseylər arasında seçim edirlər. Məktəb və lisey arasında fərqlər nədir? Liseylərə qəbul üçün şagirdlərdən hansı bacarıqlar tələb olunur? Hansı müəssisə daha kefiyyətli təhsil verir?
Mövzu ilə əlaqədar Modern.az-a danışan təhsil eksperti Elnur Aydın bildirib ki, ümumtəhsil məktəblərindən fərqli olaraq, liseylər əksər hallarda müxtəlif təmayüllər üzrə formalaşır:
"Klassik liseylərə qəbul əksər hallarda 6-cı sinifdən aparılır. Səbəbi budur ki, məhz bu yaş dövründən etibarən uşaqların istedad, qabiliyyət və marağının istiqamətini tapmaq mümkün olur. Liseylərə qəbul xüsusi imtahanla aparılır. Lisey daha yüksək bal toplayan şagirdlərlə işləyir. Proqramları da nisbətən ağır və spesifik ola bilir".
Ekspertin sözlərinə görə, əgər valideyn övladının daha üst qabiliyyət və bacarıqlarını müşahidə edərsə, ona liseylərə qəbul imtahanlarında iştirak imkanı yaratmalıdır:
"Əgər uşağın öyrənmə gücü, qabiliyyəti yüksək deyilsə, həmin uşaq əvvəl liseyə qəbulda çətinlik çəkər, daha sonra nisbətən ağır olan dərslərlə yüklənə bilər. Valideynlər öz övladlarının öyrənmə gücünü, qabiliyyətini, marağını nəzərə almaqla onların gələcək təhsilini lisey və ya ümumtəhsil məktəbində davam etməsinə qərar verməlidir".