Yüz tonlarla tərəvəz niyə itkiyə gedir? - "Nazirlik tədbir görməlidir"


“Fermer bazara çıxış əldə edə bilmir, onun hazır məhsulu realizə etməsinə süni əngəllər yaradılır. Ona görə də bir çox fermerlərin məhsulu əlində qalır. Bəziləri hətta hazır məhsulu sata bilmədiyi üçün zibilliyə atır. Beləcə, hər il yay-payız aylarında on min tonlarla məhsul zay olub gedir. Açıqlanan rəqəmlərə görə, bu ilin müvafiq dövründə 130 min ton tərəvəz itkiyə gedib. Bu da fermeri həvəsdən salır. Həmçinin növbəti il üçün həmin məhsulların daha az əkilməsinə səbəb olur”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, tonlarla tərəvəzin itkiyə getməsinin qarşısını almaq üçün müvafiq addımlar atmaq lazımdır. Aidiyyatı qurumlar bununla bağlı bazar siyasəti aparmalı, tələbə uyğun olaraq, fermerlərə hansı məhsulların əkilib-becərilməsini təklif olunmalıdır. Bu işlə birbaşa Kənd Təsərrüfatı Nazirliyinin məşğul olması daha doğrudur:

“Nazirliyin geniş maliyyə imkanları var. Bu imkanlardan istifadə edib yayda tərəvəzlərin, payızda isə meyvələrin tədarükünü aparmaq olar. Bununla da orqanik və yüksək keyfiyyətli məhsulların bazara daha çox daxil olmasına imkan yaradılar. Beləliklə, tonlarla məhsulun zibilliyə atılmasının qarşısı alınar. Ən önəmlisi isə fermerlərdə daha çox məhsul yetişdirmək həvəsi yaranar. Bu da son nəticədə il boyu bazarda məhsul bolluğuna və qiymət ucuzluğuna şərait yaradar”.


MANŞET XƏBƏRLƏRİ